Fəaliyyət | Aqrar Tədqiqatlar Mərkəzi

Məlumat bazalarının yaradılması

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini (fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini) özündə ehtiva edən, daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını təmin edən və kənd təsərrüfatı sahəsi üzrə geniş əhatəli informasiya bazasının qurulmasına zəmin yaradan vahid bir sistemdir.

EKTİS, ilk növbədə, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi tədbirlərinin bütün mərhələləri ilə bağlı biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edən şəffaf və operativ idarəetmə alətidir.

Eyni zamanda, EKTİS kənd təsərrüfatının zamanla bütün sahələrini və bu sahələr üzrə bütün tənzimləmə-dəstək-xidmət proseslərini əhatə etməklə, həmçinin xarici sistemlər ilə inteqrasiyanın da genişləndirilməsi hesabına aqrar sahə üzrə mühüm informasiya bazası rolunu oynayır.


Belə ki, EKTİS-də qərar verməyə kömək edəcək və gələcək inkişaf üçün planlama işlərinin əsasını təşkil edəcək analitik hesabatların hazırlanması və modellərin qurulması, müasir dövrün əsas tələbi olan “Big Data”nın toplanılması və yaradılması imkanları vardır. Bunun hesabına kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyinin qurulması, hərtərəfli analizlərin aparılması və dəqiq məlumatlara əsaslanan proqnozların verilməsi mümkündür.

Hər hansı bir ölkədə həyata keçirilən aqrar siyasətin kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinə təsirini xarakterizə edən göstəricilər bu siyasətin səmərəliliyinin qiymətləndirilməsi üçün vacib indikatorlar sistemidir. Bu baxımdan Avropa Birliyi səviyyəsində tətbiq olunan Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi (Farm Accountancy Data Network) Avropa Birliyinin Vahid Aqrar Siyasəti (Common Agricultural Policy) üçün mühüm informasiya bazası olmaqla, bu sahəyə dair qərarların qəbulu prosesi ilə bağlı zəruri idarəetmə alətlərindən biri kimi çıxış edir.

Avropada FTMMS-in tətbiqi ilə bağlı uzunmüddətli tarixi təcrübə mövcuddur. Belə ki, bu sistem milli təsərrüfat sorğusu kimi ilk dəfə Norveçdə 1911-ci ildə, Finlandiyada 1912-ci ildə, Danimarkada 1918-ci ildə, İngiltərədə 1936-cı ildə, İsveçdə 1939-cu ildə, Niderlandda 1940-cı ildə, Almaniyada 1955-ci ildə, Lüksemburqda 1958-ci ildə və Avstriyada 1959-cu ildə keçirilmişdir. Avropa Komissiyasının 15 iyun 1965-ci il tarixli Qərarı ilə FTMS Avropa Birliyi səviyyəsində tətbiq edilir.

Azərbaycanda FTMMS-in qurulmasına BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) layihəsi çərçivəsində başlanılıb. Bu layihə çərçivəsində Aqrar Tədqiqatlar Mərkəzi (keçmiş Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu) məsul icraçı qurum kimi müəyyən edilmişdir. İlkin təcrübə kimi bir neçə regionda təsərrüfatlarda pilot sorğu keçirilmişdir.

2015-ci ildən etibarən FTMMS üzrə məlumatların toplanılması işi ölkənin bütün rayonları əhatə olunmaqla aparılır. Hazırda Aqrar Tədqiqatlar Mərkəzinin məlumat bazasında 2015-2018-ci illəri əhatə edən sorğu hesabatları mövcuddur.

FTMMS çərçivəsində aparılan sorğu və toplanan məlumatlar aşağıdakı məsələləri əhatə edir:

Sorğunun bölməsi Əhatə etdiyi məsələlər
Təsərrüfat haqqında ümumi məlumatlar Coğrafi məlumatlar; təsərrüfatın tipi; təsərrüfatın rəhbəri (yaşı, təhsili); ailə üzvlərinin sayı
İşçi qüvvəsi Ödənişsiz ailə əməyi və muzdlu işçilər
Kapital Torpaq; təsərrüfatdakı heyvanlar; binalar; maşınlar və avadanlıqlar
Kredit Borcun həcmi, mənbələri, faiz dərəcəsi
Bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı İstehsal edilən bitkiçilik məhsulu; əkin sahəsi; əkin sahəsinin dəmyə, suvarma, istixana və örtülü sahə olmasına görə tipi; istehsal edilən heyvandarlıq məhsulu; heyvanların baş sayı; fermanın dağlıq, dağətəyi, düzənlik ərazidə yerləşməsi və qapalı təsərrüfat olması; məhsul istehsalının həcmi; satış həcmi; “qapıda satış” qiyməti; ev istehlakına gedən hissə; təsərrüfatda toxum və ya yem kimi istifadə və s.
İstehsal xərcləri İstehsal üçün mal və materiallar (toxum, aqrokimyəvi maddələr; yem; baytarlıq preparatları; kökəltmə üçün heyvanlar); xidmətlər (bütün aqrotexniki əməliyyatlar, heyvanlara qulluq, məhsulun toplanması və daşınması); mal-material və xidmətlərin qiymətləri və s.

FTMMS sorğusuna cəlb etmək üçün təsərrüfatların müəyyən edilməsi məqsədilə aparılan seçmə Kənd Təsərrüfatı Nazirliyinin EKTİS bazasına əsaslanır. EKTİS bazasında olan təsərrüfatlar əkin sahələrinə və əkilən bitkilərin növünə görə beş təbəqəyə ayrılaraq təbəqəli təsadüfi nümunə seçmə metodu tətbiq edilmişdir. Seçmədəki nümunə sayı isə hər təbəqənin 1%-ni və eyni zamanda subsidiya alan təsərrüfatların sayının da 1%-ni təşkil edir. Bununla da FTMMS üzrə məlumatların toplanılması üçün bütün qruplardan (ən kiçikdən tut­muş, ən böyüyədək) olan təsərrüfatlar arasında seçmə aparılır.

FTMMS çərçivəsində təsərrüfatlar arasında sorğular Kənd Təsərrüfatı Nazirliyinin DAİM-ləri tərəfindən həyata keçirilir. DAİM-lər tərəfindən toplanmış sorğu məlumatları birbaşa olaraq Aqrar Tədqiqatlar Mərkəzinin elektron bazasına göndərilir.

Coğrafi İnformasiya Sistemləri (CIS) məkanca koordinasiya edilmiş informasiyaların toplanmasını, emalını, saxlanılmasını, ötürülməsini, kartoqrafik və vizual təqdimatını təmin edən informasiya sistemidir. Müasir dövrdə CIS-in kənd təsərrüfatında da tətbiqi aşağıdakı istiqamətlər də daxil olmaqla, kifayət qədər geniş əhatəlidir:

  • Peyk təsvirləri və ortofoto təsvirlərindən istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaqların identifikasiyası, habelə əkin sahələrinin bitki örtüyünə görə təsnifatlaşdırılması;
  • Peyk təsvirləri vasitəsilə bitki növlərinin təyini, vegetasiya mərhələlərinin izlənilməsi, məhsulun proqnozlaşdırılması, bitkilərdə olan xəstəliklərin və onların yayılma arealının müəyyənləşdirilməsi;
  • Peyk təsvirləri vasitəsilə torpaqların rütubətliliyinin, şorlaşma dərəcəsinin, irriqasiya vəziyyətinin təyin edilməsi;
  • Peyk təsvirləri vasitəsilə qış və yay otlaqlarının inventarizasiyası, ot ehtiyatlarının qiymətləndirilməsi və biokütlənin müəyyənləşdirilməsi.

Kənd Təsərrüfatı Nazirliyinin “AgroCİS” Coğrafi Məlumatlar Bazasının idarəedilməsi Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilir. Bu Məlumat Bazasının strukturu aşağıdakı bölmələrdən ibarətdir:

  • Kənd təsərrüfatı təyinatlı torpaqlar – ortofoto xəritələr üzərində aparılmış fotointerpretasiyanın (faktiki istifadəyə görə) nəticələri;
  • Digər təyinatlı torpaqlar – torpaqların məkan və qeyri-məkan məlumatları;
  • Hidroqrafiya – bütün su hövzələri haqqında məkan və qeyri-məkan məlumatları;
  • Kateqoriyası dəyişdirilimiş torpaqlar - torpaq sahələrinin məkan və qeyri-məkan məlumatları;
  • Kənd təsərrüfatı bitkiləri – çoxillik əkmələr və istixanalar üzrə məkan və qeyri-məkan məlumatları;
  • İnzibati sərhədlər – iqtisadi və inzibati rayonların, inzibati ərazi dairələrinin və bələdiyyələrin torpaqları;
  • Təsərrüfatlar üzrə məlumatlar – Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının torpaqları, binaları və s. haqqında məkan və qeyri-məkan məlumatları;
  • Ortofoto xəritələr və relyefin rəqəmli modeli;
  • Qeyri-məkan məlumatları – statistik məlumatlar.

2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində kənd təsərrüfatı məhsullarının qiymət informasiya portalı qurulmuş, daha sonra bu portal Nazirlik tərəfindən təkmilləşdirilərək Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı www.aqrarbazar.az yaradılmışdır.

Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı aşağıdakı qiymət məlumatlarını da əhatə edir:

  • Meyvə, tərəvəz, kartof və bostan məhsullarının sahədən satış, topdansatış, pərakəndə satış və emal müəssisələri tərəfindən tədarük qiymətləri;
  • Heyvandarlıq məhsullarının (ət, süd, yumurta, bal) pərakəndə satış qiymətləri;
  • Südün qəbul məntəqələri tərəfindən satın alınan qiymətləri;
  • Ətin diri çəkidə satış və topdansatış qiymətləri;
  • Yunun və gön-dərinin əhali və ya ət kəsimi məntəqələri tərəfindən satış qiymətləri;
  • Dənli bitkilərin mövsüm dövründə sahədən satış və mövsümdən sonra topdansatış qiymətləri;
  • Texniki bitkilərin və sənaye xammalı təyinatlı digər məhsulların tədarük müəssisələri tərəfindən satın alınan qiymətləri;
  • İstehsal vasitələrinin (ot yemi, gübrə, damazlıq heyvan) pərakəndə satış qiymətləri.

 

Bütün məhsul növləri və ya çeşidləri üzrə qiymətlər aşağı, orta və yuxarı səviyyələr nəzərə alınmaqla, məhsullardan asılı olaraq gündəlik, həftəlik və aylıq intervalda toplanır.