Image

Aqrar Elm və İnnovasiya Mərkəzinin Elmi-Texniki Şurasının ilk iclası keçirildi

28 İyun 2019

İyunun 28-də Kənd Təsərrüfatı Nazirliyində Aqrar Elm və İnnovasiya Mərkəzinin Elmi-Texniki Şurasının ilk iclası keçirilib. İclası giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahənin də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib.

İ.Kərimov, həmçinin vurğulayıb ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Ölkə başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı qarşıya çox mühüm tapşırıqlar qoyulub. Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün Prezident tərəfindən müəyyən edilən strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurub”.

Nazir qeyd edib ki, resurslardan səmərəli istifadə və innovativ texnologiyaların geniş tətbiqi ilə bu sahədə məhsuldarlıq daha da artırılmalıdır.

İ.Kərimov deyib ki, aqrar siyasətin əsasını ərzaq təhlükəsizliyinin təmin olunması, bu sahədə məşğulluğun genişlənməsi və ixracın artırılması təşkil edir: “Bu hədəflərə çatmaq üçün Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini 5 istiqamət - düzgün aqrar təhlilin aparılması, doğru həllərin tapılması, aqrar bilik və bacarıqların artırılması, aqrar sahəyə dəstəyin daha da təkmilləşdirilməsi, fermerlərin bazara çıxışının asanlaşdırılması istiqamətlərində qurub. Kənd təsərrüfatı sahəsi aqrar elm olmadan inkişaf edə bilməz. Nazirliyin 5 fəaliyyət istiqamətindən 3-ü aqrar elmin inkişafından birbaşa asılıdır. Son dövrlərdə bütün elmi-tədqiqat institutlarının maddi-texniki bazaları gücləndirilib. Həmin institutlarda aparılan elmi-tədqiqat işləri, elmi mövzular aktuallıq baxımından yeni, innovativ olmaqla, sənayenin, fermerlərin tələbatına cavab verməli, uğurlu nəticələrin tətbiqinə xüsusi diqqət yetirilməlidir”.

Nazir Azərbaycanda aqrar inkişafla bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr və həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

Tədbirdə Aqrar Elm və İnnovasiya Mərkəzinin direktorunun səlahiyyətlərini icra edən Elçin Zeynalov, mərkəzin direktor müavini Tariyel Pənahov və elmi-tədqiqat institutlarının direktorları çıxış edərək aqrar sahədə innovativ tədqiqatların aparılması və onların nəticələrinin tətbiqi məsələsinə toxunublar.

İclasda ölkədə aqrar sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələr müzakirə olunub, institut rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparatının nümayəndələri, tabeli qurumların, elmi-tədqiqat institutlarının, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin əməkdaşları iştirak ediblər.