Image

Kənd təsərrüfatı məhsulları istehsalında 6 ay ərzində rekord artım

15 İyul 2019

2019-cu ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb. O cümlədən, cari ilin birinci yarısında bitkiçilikdə 25,6 faiz, heyvandarlıqda 2,9 faiz artıma nail olunub.

Kənd təsərrüfatında müşahidə olunan yüksək inkişaf tempi bu sahənin ÜDM-də payının artmasını da şərtləndirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5,6 faiz təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü üçün bu göstərici 5 faiz olub.

2019-cu ilin ilk yarısının yekunları göstərir ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artımı bütün sahələrdə müşahidə olunur. Belə ki, cari ilin ilk 6 ayı ərzində taxıl yığımı 40,7 faiz, tərəvəz istehsalı 13,3 faiz, bostan məhsulları istehsalı 37,5 faiz, meyvə və giləmeyvə istehsalı 21,1 faiz, tütün istehsalı 27,8 faiz artıb. Həmçinin heyvandarlıq məhsulları istehsalının artımı da stabil templə davam edir (diri çəkidə ət istehsalı 3 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 4,5 faiz), xüsusilə barama istehsalı 24 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27,9 faiz artıb, 411,8 milyon dollarlıq məhsul ixrac olunub. Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz ixracı 2,5 faiz, meyvə ixracı 42,2 faiz, tütün xammalı ixracı 28,6 faiz, pambıq mahlıcı ixracı 2,6 dəfə artıb.