Image

Aqrar Tədqiqatlar Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirildi

06 Sentyabr 2019

Sentyabrın 6-da Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, ATM-in direktoru Firdovsi Fikrətzadə açıb. ATM rəhbəri qurumun fəaliyyəti, görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə bağlı Şura üzvlərinə məlumat verib.

Bildirib ki, Mərkəzdə bir neçə məlumat bazası qurulub, irihəcmli aktual tədqiqatlar aparılır, “Kənd təsərrüfatı” adlı aylıq informasiya bülleteni, ayda bir dəfə “Kənd təsərrüfatı və ərzaq məhsulları üzrə Dünya Bazar Konyukturasına dair” Qısa İcmal hazırlanır, Mərkəzin internet saytında yerləşdirilir.

F.Fikrətzadə, həmçinin Şura üzvlərinə Mərkəzin internet saytı ilə bağlı ayrıca təqdimat edib, ATM-in strukturu, fəaliyyət istiqamətləri, komandası haqda bilgi verib.

Eyni zamanda, Şura sədri Aqrar Tədqiqatlar Mərkəzinin akademik dairələrdə tanıdılması üçün görülən işlərdən danışıb. Qeyd edib ki, bu məsələ ilə bağlı son günlər şəxsən bir neçə nüfuzlu elmi-tədqiqat mərkəzi, universitet və institut rəhbərləri ilə görüşüb, Mərkəzin fəaliyyəti, görülən işlər barədə məlumat verib, fikir mübadiləsi aparıb.

Sonra gündəlikdəki məsələlər müzakirə olunub. “Elmi adların və elmi dərəcələrin verilməsi haqqında” əsasnamələrdə, həmçinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul” qaydalarında edilən dəyişikliklər və yeniliklər, Aqrar Tədqiqatlar Mərkəzinin doktoranturası və aspiranturasına qəbul, dissertasiya işlərinin müdafiə prosesinə hazırlanması prosedurları və qaydaları ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib, qərarlar qəbul olunub.

Sonda Elmi Şuranın üzvü, tanınmış tədqiqatçı alim, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vaqif Rüstəmovun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Elmi Şura üzvləri, ATM-in gənc tədqiqatçıları, eləcə də digər elmi-tədqiqat mərkəzlərinin, institutların əməkdaşları iştirak edib. Firdovsi Fikrətzadə Vaqif Rüstəmovu təbrik edib, onun bir müəllim, peşəkar tədqiqatçı kimi gördüyü işlərdən danışıb, xidmətlərini qeyd edib.

Şura üzvləri, müxtəlif qurumların təmsilçiləri, həmkarları, tələbələri də Vaqif Rüstəmov barədə xoş sözlər söyləyib, alim, peşəkar tədqiqatçı kimi məziyyətlərini sadalayıb, insani keyfiyyətlərindən danışıblar.