Fəaliyyət | Aqrar Tədqiqatlar Mərkəzi

Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi

Hər hansı bir ölkədə həyata keçirilən aqrar siyasətin kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinə təsirini xarakterizə edən göstəricilər bu siyasətin səmərəliliyinin qiymətləndirilməsi üçün vacib indikatorlar sistemidir. Bu baxımdan Avropa Birliyi səviyyəsində tətbiq olunan Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi (Farm Accountancy Data Network) Avropa Birliyinin Vahid Aqrar Siyasəti (Common Agricultural Policy) üçün mühüm informasiya bazası olmaqla, bu sahəyə dair qərarların qəbulu prosesi ilə bağlı zəruri idarəetmə alətlərindən biri kimi çıxış edir.

Avropada FTMMS-in tətbiqi ilə bağlı uzunmüddətli tarixi təcrübə mövcuddur. Belə ki, bu sistem milli təsərrüfat sorğusu kimi ilk dəfə Norveçdə 1911-ci ildə, Finlandiyada 1912-ci ildə, Danimarkada 1918-ci ildə, İngiltərədə 1936-cı ildə, İsveçdə 1939-cu ildə, Niderlandda 1940-cı ildə, Almaniyada 1955-ci ildə, Lüksemburqda 1958-ci ildə və Avstriyada 1959-cu ildə keçirilmişdir. Avropa Komissiyasının 15 iyun 1965-ci il tarixli Qərarı ilə FTMS Avropa Birliyi səviyyəsində tətbiq edilir.

Azərbaycanda FTMMS-in qurulmasına BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) layihəsi çərçivəsində başlanılıb. Bu layihə çərçivəsində Aqrar Tədqiqatlar Mərkəzi (keçmiş Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu) məsul icraçı qurum kimi müəyyən edilmişdir. İlkin təcrübə kimi bir neçə regionda təsərrüfatlarda pilot sorğu keçirilmişdir.

2015-ci ildən etibarən FTMMS üzrə məlumatların toplanılması işi ölkənin bütün rayonları əhatə olunmaqla aparılır. Hazırda Aqrar Tədqiqatlar Mərkəzinin məlumat bazasında 2015-2018-ci illəri əhatə edən sorğu hesabatları mövcuddur.

FTMMS çərçivəsində aparılan sorğu və toplanan məlumatlar aşağıdakı məsələləri əhatə edir:

Sorğunun bölməsi Əhatə etdiyi məsələlər
Təsərrüfat haqqında ümumi məlumatlar Coğrafi məlumatlar; təsərrüfatın tipi; təsərrüfatın rəhbəri (yaşı, təhsili); ailə üzvlərinin sayı
İşçi qüvvəsi Ödənişsiz ailə əməyi və muzdlu işçilər
Kapital Torpaq; təsərrüfatdakı heyvanlar; binalar; maşınlar və avadanlıqlar
Kredit Borcun həcmi, mənbələri, faiz dərəcəsi
Bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı İstehsal edilən bitkiçilik məhsulu; əkin sahəsi; əkin sahəsinin dəmyə, suvarma, istixana və örtülü sahə olmasına görə tipi; istehsal edilən heyvandarlıq məhsulu; heyvanların baş sayı; fermanın dağlıq, dağətəyi, düzənlik ərazidə yerləşməsi və qapalı təsərrüfat olması; məhsul istehsalının həcmi; satış həcmi; “qapıda satış” qiyməti; ev istehlakına gedən hissə; təsərrüfatda toxum və ya yem kimi istifadə və s.
İstehsal xərcləri İstehsal üçün mal və materiallar (toxum, aqrokimyəvi maddələr; yem; baytarlıq preparatları; kökəltmə üçün heyvanlar); xidmətlər (bütün aqrotexniki əməliyyatlar, heyvanlara qulluq, məhsulun toplanması və daşınması); mal-material və xidmətlərin qiymətləri və s.

FTMMS sorğusuna cəlb etmək üçün təsərrüfatların müəyyən edilməsi məqsədilə aparılan seçmə Kənd Təsərrüfatı Nazirliyinin EKTİS bazasına əsaslanır. EKTİS bazasında olan təsərrüfatlar əkin sahələrinə və əkilən bitkilərin növünə görə beş təbəqəyə ayrılaraq təbəqəli təsadüfi nümunə seçmə metodu tətbiq edilmişdir. Seçmədəki nümunə sayı isə hər təbəqənin 1%-ni və eyni zamanda subsidiya alan təsərrüfatların sayının da 1%-ni təşkil edir. Bununla da FTMMS üzrə məlumatların toplanılması üçün bütün qruplardan (ən kiçikdən tut­muş, ən böyüyədək) olan təsərrüfatlar arasında seçmə aparılır.

FTMMS çərçivəsində təsərrüfatlar arasında sorğular Kənd Təsərrüfatı Nazirliyinin DAİM-ləri tərəfindən həyata keçirilir. DAİM-lər tərəfindən toplanmış sorğu məlumatları birbaşa olaraq Aqrar Tədqiqatlar Mərkəzinin elektron bazasına göndərilir.