Coğrafi İnformasiya Sistemləri (CIS) məkanca koordinasiya edilmiş informasiyaların toplanmasını, emalını, saxlanılmasını, ötürülməsini, kartoqrafik və vizual təqdimatını təmin edən informasiya sistemidir. Müasir dövrdə CIS-in kənd təsərrüfatında da tətbiqi aşağıdakı istiqamətlər də daxil olmaqla, kifayət qədər geniş əhatəlidir:
- Peyk təsvirləri və ortofoto təsvirlərindən istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaqların identifikasiyası, habelə əkin sahələrinin bitki örtüyünə görə təsnifatlaşdırılması;
- Peyk təsvirləri vasitəsilə bitki növlərinin təyini, vegetasiya mərhələlərinin izlənilməsi, məhsulun proqnozlaşdırılması, bitkilərdə olan xəstəliklərin və onların yayılma arealının müəyyənləşdirilməsi;
- Peyk təsvirləri vasitəsilə torpaqların rütubətliliyinin, şorlaşma dərəcəsinin, irriqasiya vəziyyətinin təyin edilməsi;
- Peyk təsvirləri vasitəsilə qış və yay otlaqlarının inventarizasiyası, ot ehtiyatlarının qiymətləndirilməsi və biokütlənin müəyyənləşdirilməsi.
Kənd Təsərrüfatı Nazirliyinin “AgroCİS” Coğrafi Məlumatlar Bazasının idarəedilməsi Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilir. Bu Məlumat Bazasının strukturu aşağıdakı bölmələrdən ibarətdir:
- Kənd təsərrüfatı təyinatlı torpaqlar – ortofoto xəritələr üzərində aparılmış fotointerpretasiyanın (faktiki istifadəyə görə) nəticələri;
- Digər təyinatlı torpaqlar – torpaqların məkan və qeyri-məkan məlumatları;
- Hidroqrafiya – bütün su hövzələri haqqında məkan və qeyri-məkan məlumatları;
- Kateqoriyası dəyişdirilmiş torpaqlar - torpaq sahələrinin məkan və qeyri-məkan məlumatları;
- Kənd təsərrüfatı bitkiləri – çoxillik əkmələr və istixanalar üzrə məkan və qeyri-məkan məlumatları;
- İnzibati sərhədlər – iqtisadi və inzibati rayonların, inzibati ərazi dairələrinin və bələdiyyələrin torpaqları;
- Təsərrüfatlar üzrə məlumatlar – Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının torpaqları, binaları və s. haqqında məkan və qeyri-məkan məlumatları;
- Ortofoto xəritələr və relyefin rəqəmli modeli;
- Qeyri-məkan məlumatları – statistik məlumatlar.