Haqqımızda

Nizamnamə

“Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsinin

NİZAMNAMƏSİ

(2-ci redaksiya)

Bakı - 2023

  1. Ümumi müddəalar

1.1. “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra – Mərkəz) “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 89 nömrəli Fərmanına əsasən aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye sahələri üzrə müxtəlif xidmətlərin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı informasiya ehtiyatlarının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyindəki qurumdur.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz bu Nizamnamə ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün həmin məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Mərkəz Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 ünvanında yerləşir.

  1. Mərkəzin fəaliyyətinin istiqamətləri

 

2.0. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1 kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı təhlillərin və elmi tədqiqatların aparılması, analitik informasiya ehtiyatlarının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin etmək;

2.0.2. kənd təsərrüfatının və kənd yerlərinin inkişafı, aqrar siyasətin təkmilləşdirilməsi məsələləri ilə bağlı təhlillər aparmaq, elmi tədqiqat və analitik-informasiya xidmətləri göstərmək;

2.0.3. kənd təsərrüfatının müxtəlif sahələri və ümumi göstəriciləri üzrə inkişaf trendlərinə dair təhlillər aparmaq və hesabatlar hazırlamaq;

2.0.4. kənd təsərrüfatı sahəsində və ərzaq təhlükəsizliyi ilə bağlı risklərin idarəedilməsinə dair təhlillər aparmaq;

2.0.5. kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı proqnozların, strateji planlaşdırmanın aparılmasını təmin etmək, konsepsiya, proqram və digər layihələrin hazırlanmasında, habelə monitorinq və qiymətləndirilməsində iştirak etmək;

2.0.6. fermerlərə informasiya-məsləhət xidmətlərinin göstərilməsində iştirak etmək, bu istiqamətdə lazımi məlumat və metodiki baza yaratmaq, innovativ həllərin tətbiqi ilə bağlı təkliflər vermək və interaktiv xidmətlərin göstərilməsi üzrə tədbirlər görmək;

2.0.7. aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlamaq və səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;

2.0.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq doktorantura və dissetantura yolu ilə elmi kadrlar və mütəxəssislər hazırlamaq;

2.0.9. fəaliyyətini dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında təşkil etmək məqsədi ilə tədbirlər görmək;

2.0.10. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

  1. Mərkəzin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. kənd təsərrüfatının və kənd yerlərinin inkişafının nəzəri-metodoloji əsaslarını müəyyən etmək, elmi tədqiqatları və analitika işlərini aparmaq;

3.1.2. kənd təsərrüfatının və kənd yerlərinin inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı təhlil, elmi tədqiqatlar və qiymətləndirmələr aparmaq üçün informasiya ehtiyatları yaratmaq və onları idarə etmək;

3.1.3. kənd təsərrüfatının kompleks diaqnostikası və proqnozlaşdırılması metodları və modellərini müəyyənləşdirmək və tətbiq etmək;

3.1.4. kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından təbii resurslar üzrə mövcud potensialını qiymətləndirmək, bu resurslardan səmərəli istifadə və torpaq bazarının inkişafı mexanizmlərinə dair təkliflər hazırlamaq;

3.1.5. kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, yem, texniki qurğu və avadanlıq, gübrə materialları, aqroservis, bitki mühafizəsi, baytarlıq və damazlıq işi xidmətləri ilə təminatı bazarlarını təhlil etmək və bu resursları inkişaf etdirmək üçün təkliflər hazırlamaq;

3.1.6. kənd təsərrüfatının maliyyələşdirilməsi və sığortalanması sisteminin təkmilləşdirilməsi üçün ehtiyacları müəyyən etmək və əsaslandırılmış təkliflər hazırlamaq;

3.1.7. fermerlərin müvafiq istehsal resursları və xidmətləri bazarına çıxışının yaxşılaşdırılması üçün ehtiyacları müəyyən edərək əsaslandırılmış təkliflər hazırlamaq;

3.1.8. ərzaq təhlükəsizliyi göstəriciləri, əhalinin və sənayenin tələbatı və ixrac imkanlarının təhlili əsasında kənd təsərrüfatı məhsulları istehsalının optimal strukturuna dair təkliflər hazırlamaq;

3.1.9. təbii-coğrafi, sosial-iqtisadi, bazar infrastrukturu şərtləri və digər resurslar nəzərə alınmaqla, kənd təsərrüfatı məhsulları istehsalının regionlar üzrə ixtisaslaşdırılmasına dair tövsiyələr hazırlamaq;

3.1.10. kənd təsərrüfatında fermer tərəfdaşlığı mexanizmlərinin və kooperasiyanın inkişafına dair qiymətləndirmələr apararaq ehtiyacları müəyyən etmək;

3.1.11. fermerlərin hazır məhsullar bazarına çıxışının yaxşılaşdırılması və bazar infrastrukturunun inkişaf etdirilməsi üçün ehtiyacları müəyyən etmək;

3.1.12. kənd təsərrüfatında məşğulluq səviyyəsinin və fermerlərin gəlir əldə etmək imkanlarının yüksəldilməsi və kənd yerlərində rifahın yaxşılaşdırılması istiqamətində təkliflər hazırlamaq;

3.1.13. kənd təsərrüfatı sahəsi üzrə dövlət tənzimlənməsinin, o cümlədən dövlət dəstəyi, ticarət və qiymət siyasətinin səmərəliliyinin qiymətləndirilməsi və ümumi inkişaf məqsədləri çərçivəsində təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;

3.1.14. kənd təsərrüfatının müxtəlif sahələrində yaradılan əlavə dəyərin yüksəldilməsi və innovativ inkişaf mexanizmlərinin tətbiqinə dair təkliflər və texniki-iqtisadi əsaslandırmalar hazırlamaq;

3.1.15. kənd təsərrüfatı sahəsinin qısa, orta və uzunmüddətli dövr üzrə mümkün inkişaf ssenarilərini proqnozlaşdırmaq;

3.1.16. qısa, orta və uzunmüddətli dövr üzrə kənd təsərrüfatının strateji inkişaf məqsədlərinə və bu məqsədlərə uyğun strateji və alt hədəflərə dair təkliflər hazırlamaq;

3.1.17. kənd təsərrüfatı sahəsi üzrə müəyyən edilmiş hədəflərə çatmaq üçün müvafiq inkişaf planlarının hazırlanmasında iştirak etmək;

3.1.18. kənd təsərrüfatı sahəsində təsdiq edilmiş inkişaf planlarının icra səviyyəsinin ölçülməsi meyarlarının hazırlanmasında və bu planlar çərçivəsində icra olunan tədbirlərin monitorinqi və qiymətləndirilməsində iştirak etmək;

3.1.19. elektron hökumət sahəsində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq aqrar sahədə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi ilə bağlı layihələr hazırlamaq və bu istiqamətdə müvafiq tədbirlər görmək;

3.1.20. fermerlərə və bazar iştirakçılarına informasiya məsləhət, texniki-iqtisadi əsaslandırma sənədlərinin və biznes planlarının hazırlanması üzrə ödənişli xidmətlər göstərmək;

3.1.21. doktorantura və dissetantura yolu ilə elmi kadrlar hazırlamaq;

3.1.22. fəaliyyət istiqamətlərinə uyğun olaraq elmi konfranslar, simpoziumlar, seminarlar və dəyirmi masalar keçirmək, elmi əsərləri, məcmuələri, monoqrafiyaları, bülletenləri, kitabçaları, metodiki göstərişləri, tövsiyələri və s. hazırlamaq və nəşr etdirmək;

3.1.23. kənd təsərrüfatı sahəsinin inkişaf trendləri və həyata keçirilən aqrar siyasətə dair kütləvi informasiya vasitələri, sosial şəbəkələr və digər üsullarla ictimai məlumatlandırma işinin aparılmasında iştirak etmək;

3.1.24. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.25. Mərkəzdə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, habelə əlavə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması məqsədilə müxtəlif təlimlər keçirmək;

3.1.26. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.27. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.28. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.29. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.30. fəaliyyəti ilə bağlı arayış və hesabatlar hazırlayaraq Nazirliyə təqdim etmək;

3.1.31. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. fəaliyyət istiqamətlərinə aid olan məsələlər üzrə dövlət qurumları, qeyri-hökumət təşkilatları, elmi-tədqiqat və təhsil müəssisələri, habelə beynəlxalq təşkilatlar və özəl qurumlarla əməkdaşlıq etmək, müstəqil beynəlxalq və yerli məsləhətçiləri (ekspertləri) və mütəxəssisləri fəaliyyətinə cəlb etmək, işçi qruplar, komissiyalar, şuralar yaratmaq;

3.2.3. fəaliyyət istiqamətləri üzrə beynəlxalq əlaqələr qurmaq və əməkdaşlıq etmək, beynəlxalq konfrans, seminarlar və digər beynəlxalq tədbirlərə nümayəndə göndərmək, belə tədbirlərin ölkədə keçirilməsi təşəbbüsü ilə çıxış etmək və onların təşkil edilməsi işində iştirak etmək;

3.2.4. səlahiyyətləri daxilində “Elektron kənd təsərrüfatı” informasiya sisteminin iştirakçıları və istifadəçiləri ilə iş aparmaq, habelə sistem vasitəsilə elektron xidmətlərin təşkiliilə bağlı tədbirlər görmək;

3.2.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq ianələr, habelə donorların, fəaliyyətə qoşulmaq istəyən büdcədənkənar fondların maliyyə dəstəyini qəbul etmək, qrantlar almaq, kredit agentlikləri və fondlar vasitəsilə vəsait əldə etmək;

3.2.6. aqrobiznes sahələri üzrə müxtəlif xidmətləri və dövlət sifarişlərini yerinə yetirmək, habelə nizamnamə ilə müəyyən edilmiş digər fəaliyyətlər əsasında sifarişlər almaq;

3.2.7. dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.8. fəaliyyət istiqamətləri üzrə (eləcə də strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün) rəy və təkliflər vermək, tədbirlər görmək fəaliyyətinə dair analitik materiallar hazırlamaq;

3.2.9. fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumlar keçirmək, habelə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.10. fəaliyyət istiqamətləri üzrə malların, iş və xidmətlərin satın alınmasını həyata keçirmək, müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;

3.2.11. həyata keçirilmiş layihələrin yekunlarına dair statistik təhlil aparmaq və nəticələrini Nazirliyə təqdim etmək;

3.2.12. göstərilən xidmətlərə, o cümlədən müxtəlif istiqamətlər üzrə elmi tədqiqat, analitik fəaliyyət, informasiya-məsləhət və texniki-iqtisadi əsaslandırma xidmətlərinin satışına görə ödəniş almaq;

3.2.13. fəaliyyəti ilə bağlı müxtəlif metodik vəsaitlər, jurnal, bülleten hazırlamaq və bu materialları təqdim etmək və ya dərc etmək;

3.2.14. fəaliyyəti ilə bağlı internet, o cümlədən digər informasiya ehtiyatlarının yaradılmasını təmin etmək;

3.2.15. Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri və hüquqi şəxslər yaratmaq və ya onlarda iştirak etmək;

3.2.16. Bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. 

  1. Mərkəzin idarə olunması

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsində təsbit olunan, o cümlədən bu Nizamnamədə müəyyən edilmiş səlahiyyətlərini Nazirlik həyata keçirir.

4.3. Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və direktordur.

4.4. Müşahidə Şurası (bundan sonra – Şura) Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.5. Şura nazirin vəzifəyə təyin və vəzifədən azad etdiyi 3 (üç) üzvdən - Şuranın sədrindən və digər 2 (iki) üzvündən (müavinindən) ibarətdir.

4.6. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.7. Şura qərar qəbul etməkdə müstəqildir.

4.8. Şuranın vəzifələri aşağıdakılardır:

4.8.1. təsisçi səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.8.2. Mərkəzin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;

4.8.3. Mərkəzin fəaliyyətinə nəzarət etmək;

4.8.4. Nazirliyin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və onlarda iştirak barədə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.8.5. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.7.6. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə Mərkəzin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.8.7. Direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.8.8. Şura üzvlərinin və direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.8.9. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.8.10. Mərkəzin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.8.11. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.8.12. Mərkəzdə daxili audit bölməsi yarandığı halda həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.8.13. Nazirliyin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.8.14. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.9. Şuranın sədri ildə iki dəfə Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda iclasa sədrlik edənin səsi həlledicidir.

4.10. Şuranın üzvlərinə, direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.11. Şuranın iclasında direktor da iştirak edə bilər.

4.12. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.13. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.14. Şuranın iclaslarının nəticəsi Şura üzvlərinin və Şuranın katibinin imzaladıqları iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Şura tərəfindən təsdiq edilərək direktora göndərilir.

4.15. Şuranın katibini Şuranın sədri Şura üzvü olmayan əməkdaşlar sırasından təyin edir və katib Şuranın sədrinə hesabat verir.

4.16. Şuranın katibi:

4.16.1. Şuranın iclaslarını təşkil edir;

4.16.2. bu Nizamnamənin 4.10-cu bəndində nəzərdə tutulan vəzifəni icra edir;

4.16.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.16.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.16.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

4.17. Şuranın sədri:

4.17.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.17.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.17.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.17.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.18. Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.19. Şuranın üzvləri:

4.19.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.19.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.19.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.19.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılmaq barədə təkliflər verirlər;

4.19.5. Şuranın qərarları, iclas protokolları və digər sənədləri ilə tanış olurlar.

4.20. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.21. Mərkəzin cari fəaliyyətinə rəhbərliyi direktor həyata keçirir. Direktor nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Direktorun nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

4.22. Direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini icra edir.

4.23. Direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.24. Direktorun vəzifələri aşağıdakılardır:

4.24.1. Mərkəzin fəaliyyətini təşkil etmək;

4.24.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

4.24.3. Şuranın qərarlarını icra etmək;

4.24.4. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.24.5. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.24.6. bu Nizamnamənin 3.1.24-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.24.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

4.24.8. bu Nizamnamənin 3.1.26-cı və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.24.9. Mərkəzin cari fəaliyyətinə rəhbərlik və onu təmsil etmək;

4.24.10. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;

4.24.11. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;

4.24.12. özünün və Mərkəzin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

4.24.13. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;

4.24.14. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək;

4.24.15. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;

4.24.16. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;

4.24.17. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;

4.24.18. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;

4.24.19. Mərkəzdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;

4.24.20. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;

4.24.21. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

  1. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Mərkəzin nizamnamə fondu 1.000.000 (bir milyon) manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, ona Nazirlik tərəfindən verilmiş əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəzin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

5.6. Mərkəzin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.

  1. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Müşahidə Şurası həyata keçirirr.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

  1. Mərkəzdə uçot və hesabat

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir;

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

  1. Mərkəzin ləğvi və yenidən təşkili

Mərkəzin ləğvi və yenidən təşkili Nazirlk tərəfindən həyata keçirilir.