Haqqımızda

Nizamnamə

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci il 30 may tarixli 38 nömrəli Əmri ilə təsdiq edilmişdir

Aqrar Tədqiqatlar Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi

1. Ümumi müddəalar

 

 1.1. “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra – Mərkəz) “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 89 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) tebeliyindəki qurumdur.

1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

1.3. Mərkəz bu Nizamnamə ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün, həmin məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyəti ilə məşğul ola, təsərrüfat cəmiyyətləri və hüquqi şəxslər yarada və ya onlarda iştirak edə bilər.

1.4. Mərkəz publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir.

1.5. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.6. Mərkəz müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş gerbli möhürə, müvafiq ştamplara, loqotipə (emblemə) və blanklara malikdir.

1.7. Mərkəzin hüquqi ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80.

 

2. Mərkəzin fəaliyyət istiqamətləri

 

 2.0. Mərkəz kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı təhlillərin və elmi tədqiqatların aparılması, analitik məlumat bazasının və informasiya sistemlərinin yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədi ilə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1. kənd təsərrüfatının və kənd yerlərinin inkişafı və aqrar siyasətin təkmilləşdirilməsi məsələləri ilə bağlı təhlillər aparmaq, elmi tədqiqat və analitik-informasiya xidmətləri göstərmək;

2.0.2. kənd təsərrüfatının müxtəlif sahələri və ümumi göstəriciləri üzrə inkişaf trendlərinə dair təhlillər aparmaq və hesabatlar hazırlamaq;

2.0.3. kənd təsərrüfatı sahəsində və ərzaq təhlükəsizliyi ilə bağlı risklərin idarəedilməsi ilə bağlı informasiya bazasını təmin etmək və müvafiq təhlillər aparmaq;

2.0.4. kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı proqnozların, strateji planlaşdırmanın aparılmasını təmin etmək, konsepsiya, proqram və digər layihələrin hazırlanmasında, habelə monitorinq və qiymətləndirilməsində iştirak etmək;

2.0.5. fermerlərə məsləhət-informasiya xidmətlərinin göstərilməsi üçün lazımi məlumat və metodiki baza yaratmaq, innovativ həllərin tətbiqi ilə bağlı təklif etmək və interaktiv xidmətlərin göstərilməsi üzrə tədbirlər görmək;

2.0.6. Aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlamaq və səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;

2.0.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq doktorantura və dissertantura yolu ilə elmi kadrlar və mütəxəssislər hazırlamaq;

2.0.8. fəaliyyətini dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında təşkil etmək məqsədi ilə tədbirlər görmək;

2.0.9. Nazirliyin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

 

3. Mərkəzin hüquq və vəzifələri

 

3.1. Mərkəz aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. kənd təsərrüfatının və kənd yerlərinin inkişafının nəzəri-metodoloji əsaslarının müəyyən edilməsi, elmi tədqiqatların və data analitika işlərinin aparılması;

3.1.2. kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı təhlil, elmi tədqiqatlar və qiymətləndirmələrin aparılması üçün məlumat bazalarının, informasiya sistemlərinin yaradılması və idarəedilməsi;

3.1.3. kənd təsərrüfatının kompleks diaqnostikası və proqnozlaşdırılması metodları və modellərinin müəyyənləşdirilməsi və tətbiq edilməsi;

3.1.4. kənd təsərrüfatının davamlı inkişafı baxımından təbii resurslar üzrə mövcud potensialın qiymətləndirilməsi, bu resurslardan səmərəli istifadə və torpaq bazarının inkişafı mexanizmlərinə dair təkliflərin hazırlanması;

3.1.5. kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, yem, texnika-avadanlıq və gübrə materialları, aqroservis, bitki mühafizəsi, baytarlıq və damazlıq işi xidmətləri ilə təminatı bazarlarının təhlil edilməsi və bu resursların inkişaf etdirilməsi üçün təkliflərin hazırlanması;

3.1.6. kənd təsərrüfatının maliyyələşdirilməsi və sığortalanması sisteminin təkmilləşdirilməsi üçün ehtiyacların müəyyən edilməsi və əsaslandırılmış təkliflərin hazırlanması;

3.1.7. fermerlərin müvafiq istehsal resursları və xidmətləri bazarına çıxışının yaxşılaşdırılması üçün ehtiyacların müəyyən edilməsi və əsaslandırılmış təkliflərin hazırlanması;

3.1.8. ərzaq təhlükəsizliyi göstəriciləri, əhalinin və sənayenin tələbatı və ixrac bazarlarının təhlili əsasında kənd təsərrüfatı məhsullarının optimal istehsal həcminə dair təkliflərin hazırlanması;

3.1.9. təbii-coğrafi, sosial-iqtisadi, bazar infrastrukturu şərtləri və digər resurslar nəzərə alınmaqla kənd təsərrüfatı məhsulları istehsalının regionlar üzrə ixtisaslaşdırılmasına dair tövsiyələrin hazırlanması;

3.1.10. kənd təsərrüfatında fermer tərəfdaşlığı mexanizmlərinin və kooperasiyanın inkişafına dair qiymətləndirmələrin aparılması və ehtiyacların müəyyən edilməsi;

3.1.11. fermerlərin hazır məhsullar bazarına çıxışının yaxşılaşdırılması və bazar infrastrukturunun inkişaf etdirilməsi üçün ehtiyacların müəyyən edilməsi;

3.1.12. kənd təsərrüfatında layiqli məşğulluq səviyyəsinin və fermerlərin gəlir əldə etmək imkanlarının yüksəldilməsi və kənd yerlərində rifahın yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanması;

3.1.13. kənd təsərrüfatı sahəsi üzrə dövlət tənzimlənməsinin, o cümlədən dövlət dəstəyi, ticarət və qiymət siyasətinin səmərəliliyinin qiymətləndirilməsi və bu siyasətin inkişaf məqsədləri əsasında təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;

3.1.14. kənd təsərrüfatının müxtəlif sahələrində yaradılan əlavə dəyərin yüksəldilməsi və innovativ inkişaf mexanizmlərinin tətbiqinə dair təkliflərin və texniki-iqtisadi əsaslandırmaların hazırlanması;

3.1.15. kənd təsərrüfatı sahəsi və ərzaq təhlükəsizliyi məsələləri üzrə risklərin idarəolunması üçün informasiya bazasının yaradılması və təhlillərin aparılması;

3.1.16. kənd təsərrüfatı sahəsinin qısa, orta və uzunmüddətli dövr üzrə mümkün inkişaf ssenarilərinin proqnozlaşdırılması;

3.1.17. qısa, orta və uzunmüddətli dövr üzrə kənd təsərrüfatının strateji inkişaf məqsədlərinə və bu məqsədlərə uyğun strateji və alt hədəflərə dair təkliflərin hazırlanması;

3.1.18. kənd təsərrüfatı sahəsi üzrə müəyyən edilmiş hədəflərə çatmaq üçün müvafiq inkişaf planlarının hazırlanmasında iştirak edilməsi;

3.1.19. kənd təsərrüfatı sahəsində təsdiq edilmiş inkişaf planlarının icra səviyyəsinin ölçülməsi meyarlarının hazırlanmasında və bu planlar çərçivəsində icra olunan tədbirlərin monitorinqi və qiymətləndirilməsində iştirak edilməsi və əldə edilən nəticələrə uyğun tədbirlərin görülməsi;

3.1.20. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin inkişaf etdirilməsi, tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı ilə bağlı vahid məlumatlar bazasının formalaşdırılması, habelə digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı inteqrasiyası məqsədi ilə öz səlahiyyətləri daxilində tədbirlərin görülməsi;

3.1.21. elektron hökumət sahəsində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq aqrar sahədə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi ilə bağlı layihələrin hazırlanması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi;

3.1.22. kənd təsərrüfatı məhsulları istehsalçıları (fermerlər) və bazarı iştirakçılarına məsləhət, texniki-iqtisadi əsaslandırma sənədləri və biznes planların hazırlanması xidmətlərinin göstərilməsi;

3.1.23. doktorantura və dissertantura yolu ilə elmi kadrların hazırlanması;

3.1.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq elmi konfransların, simpoziumların, seminarların və dəyirmi masaların keçirilməsi və elmi əsərlərin, məcmuələrin, monoqrafiyaların, bülletenlərin, kitabçaların, metodiki göstərişlərin, tövsiyələrin və s. hazırlanması və nəşr etdirilməsi;

3.1.25. kənd təsərrüfatı sahəsinin inkişaf trendləri və həyata keçirilən aqrar siyasətə dair kütləvi informasiya vasitələri, sosial şəbəkələr və digər üsullarla ictimai məlumatlandırma işinin aparılmasında iştirak edilməsi;

3.1.26. Mərkəzdə fəaliyyət göstərən əməkdaşların inkişaf etdirilməsi, habelə əlavə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması məqsədilə müxtəlif təlim və treninqlərin keçirilməsi;

3.1.27. fəaliyyəti ilə bağlı arayış və hesabatların hazırlanması və Nazirliyə təqdim edilməsi;

3.1.28. normativ hüquqi aktlara uyğun və Nazirlik tərəfindən müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi.

3.2. Mərkəz aşağıdakı hüquqları həyata keçirir:

 3.2.1. fəaliyyət istiqamətlərinə aid olan məsələlər üzrə dövlət qurumları, qeyri-hökumət təşkilatları, elmi-tədqiqat və təhsil müəssisələri, habelə beynəlxalq təşkilatlar və özəl qurumlarla əməkdaşlıq etmək, müstəqil beynəlxalq və yerli məsləhətçiləri (ekspertləri) və mütəxəssisləri fəaliyyətinə cəlb etmək, qruplar, komissiyalar, şuralar yaratmaq;

3.2.2. fəaliyyət istiqamətləri üzrə beynəlxalq əlaqələr qurmaq və əməkdaşlıq etmək, beynəlxalq konfrans, seminarlar və digər beynəlxalq tədbirlərə nümayəndə göndərmək, belə tədbirlərin ölkədə keçirilməsi təşəbbüsü ilə çıxış etmək və onların təşkil edilməsi işində iştirak etmək;

3.2.3. öz səlahiyyətləri daxilində “Elektron kənd təsərrüfatı” informasiya sisteminin operatorunun funksiyalarını həyata keçirmək, onun iştirakçıları və istifadəçiləri ilə iş aparmaq və koordinasiya etmək, digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması, habelə yeni informasiya sistemlərinin yaradılması ilə bağlı tədbirlər görmək;

3.2.4. fəaliyyət istiqamətlərinə uyğun olaraq ianələr, habelə donorların, fəaliyyətə qoşulmaq istəyən büdcədənkənar fondların maliyyə dəstəyini qəbul etmək, qrantlar almaq, kraudfandinq, kredit agentlikləri və fondlar vasitəsilə vəsait əldə etmək;

3.2.5. aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətləri və dövlət sifarişlərini yerinə yetirmək, habelə nizamnamə ilə müəyyən edilmiş digər fəaliyyətlər əsasında sifarişlər almaq;

3.2.6. dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.7. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək, tədbirlər görmək fəaliyyətinə dair analitik materiallar hazırlamaq, təkliflər vermək;

3.2.8. fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumlar keçirmək, habelə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.9. fəaliyyət istiqamətləri üzrə malların, iş və xidmətlərin satın alınmasını həyata keçirmək, müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;

3.2.10. həyata keçirilmiş layihələrin yekunlarına dair statistik təhlil aparmaq və nəticələrini Nazirliyə təqdim etmək;

3.2.11. göstərilən xidmətlərə, o cümlədən müxtəlif istiqamətlər üzrə elmi tədqiqat, analitik fəaliyyət, məsləhət-informasiya və texniki-iqtisadi əsaslandırma xidmətlərinin satışına görə ödəniş almaq;

3.2.12. fəaliyyəti ilə bağlı müxtəlif metodik vəsaitlər, jurnal, bülleten hazırlamaq və bu materialları təqdim etmək və ya dərc etmək;

3.2.13. fəaliyyəti ilə bağlı internet, o cümlədən digər informasiya ehtiyatlarının yaradılmasını təmin etmək;

3.2.14. normativ hüquqi aktlar və Nazirlik tərəfindən müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

4. Mərkəzin idarəetmə orqanları

 

4.1. Ümumi yığıncaq

 4.1.1.Mərkəzin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır (bundan sonra ümumi yığıncaq).

4.1.2. Ümumi yığıncağın müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:

4.1.2.1. nizamnamənin, ona dəyişikliklərin və strukturunun təsdiqi;

4.1.2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.1.2.3. inkişaf istiqamətlərinin və strategiyasının müəyyən edilməsi, illik maliyyə hesabatlarının və biznes planının təsdiqi;

4.1.2.4. icra orqanının (təkbaşçı) yaradılması və rəhbərinin təyin edilməsi, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.1.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

4.1.2.6. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;

4.1.2.7. publik hüquqi şəxsin fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən zəruri məlumatları almaq;

4.1.2.8. Mərkəzin ştat vahidlərini və işçilərin əmək haqqını müəyyən etmək;

4.1.2.9. publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı təşəbbüs göstərmək.

4.1.3. Azərbaycan Respublikası adından Mərkəzin təsisçisi və iştirakçısı kimi Nazirlik çıxış edir və bu Nizamnamənin 4.1-ci bəndində müəyyənləşdirilmiş səlahiyyətləri bilavasitə yerinə yetirir.

4.1.4. Mərkəzin illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq Nazirliyə təqdim edilir.

 

4.2. Mərkəzin icra orqanı

4.2.1. Mərkəzin fəaliyyətinə cari rəhbərlik təkbaşçı icra orqanı olan direktor tərəfindən həyata keçirilir.

4.2.2. Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir:

4.2.2.1. Mərkəzin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək;

4.2.2.2. publik hüquqi şəxsin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək;

4.2.2.3. Nazirlik tərəfindən qəbul edilmiş hüquqi aktların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək;

4.2.2.4. Müvafiq sahələr üzrə Mərkəzdə hazırlanan strateji sənədlər, inkişaf proqramları və digər mühüm əhəmiyyətli layihələrin müzakirəsini aparmaq üçün aidiyyəti şəxslərin iştirakçılığı ilə ictimai şuralar yaratmaq və həmin şuralarda müzakirələri təşkil etmək.

4.2.2.5. öz səlahiyyəti daxilində publik hüquqi şəxsin adından müqavilələr bağlamaq, etibarnamələr vermək, müvəkkil banklarda publik hüquqi şəxsin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı sərəncam vermək;

4.2.2.6. publik hüquqi şəxsin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

4.2.2.7. publik hüquqi şəxsin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək;

4.2.2.8. öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək;

4.2.2.9. publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək;

4.2.2.10. Mərkəzin illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq Nazirliyə təqdim etmək.

4.2.3. Mərkəz Nazirlik ilə razılaşdırılmaqla illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il əmlak mənafeləri ilə müstəqil peşəkar auditor cəlb edə bilər.

 

5. Nizamnamə fondu, əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları

 

5.1. Mərkəzin nizamnamə fondu 1.000.000 manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, operatoru olduğu informasiya sistemləri vasitəsilə verilən xidmətlər, habelə göstərilən digər xidmətlərdən və məhsulların satışından əldə edilən, kraudfandinq yolu ilə daxilolmalardan, ianələrdən, kredit agentlikləri və fondlar tərəfindən ayrılan vəsaitlər, qrantlardan, donorlar tərəfindən göstərilən maliyyə dəstəyi və bu Nizamnamə ilə müəyyən edilən məqsədlər ilə fəaliyyətə qoşulmaq istəyən büdcədənkənar fondların və digər təşkilatların hesabına formalaşır.

5.3. Əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi Nazirliyin bu Nizamnamə ilə müəyyən edilən səlahiyyətləri nəzərə alınmaqla Mərkəz tərəfindən həyata keçirilir.

5.4. Mərkəz müflis elan oluna bilməz.

5.5. Mərkəzin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlər deyildir. Qiymətlər göstərilən xidmətlərin növündən və həcmindən asılı olaraq orta bazar qiymətləri əsas götürülərək Mərkəz tərəfindin oxşar layihələr üzrə vahid yanaşma prinsipi əsasında təyin edilir.

5.6. Mərkəz bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri əldə edə bilər.

5.7. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.8. Mərkəzin əldə etdiyi əmlak onun mülkiyyətinə daxil edilir.

5.9. Mərkəz tərəfindən göstərilən xidmətlər üzrə ödənişlər nağdsız qaydada qəbul olunur.

 

6. Mərkəzin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması

 

Mərkəz fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılmasını Nazirliyin müvafiq struktur bölməsi ilə razılaşdırmaqla mütəmadi qaydada həyata keçirir. Eyni zamanda Nazirliyin informasiya və kommunikasiya vasitələri ilə maarifləndirmə və məlumatlandırma işi aparıla bilər.

 

7. Mərkəzin ləğvi və yenidən təşkili

 

Hüquqi şəxsin ləğvi və yenidən təşkili Nazirlik tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər müvafiq qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.