23 Oktyabr 2023
Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikası IDEA Heyvanlara Qayğı Mərkəzi ilə birgə klinikada sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyasını davam etdirir. 2023-cü ilin yanvar ayından start verilən aksiya çərçivəsində növbəti tədbir keçirilib.
Almaniyanın “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə sahibsiz heyvanların qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması aksiyası təşkil olunub. Aksiyaya Almaniya, Avstriya, Rusiyadan veterinar həkim-cərrah və feldşer-assistentlər qatılıb. Xeyriyyə tədbirində ölkəmizdə fəaliyyət göstərən baytar həkimlər və Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakultəsində təhsil alan tələbələr də iştirak ediblər. Sterilizasiya aksiyası çərçivəsində tələbələr üçün əyani praktik təlimlər də təşkil olunub.
Müxtəlif ölkələrdən gəlmiş həkim cərrahların iştirakı ilə 1500-ə yaxın sahibsiz heyvanın üzərində müasir üsullarla, ağrısız sterilizasiya əməliyyatı aparılıb, heyvanlara birkalar taxılıb, quduzluq xəstəliyinə qarşı peyvənd vurulub.
Aksiyanın təşkilinə həsr olunmuş tədbirdə çıxış edən natiqlər sahibsiz heyvanların mühafizəsi, xəstəliklərə qarşı peyvənd olunması istiqamətində maarifləndirmə işlərinin artırılmasının vacibliyindən danışıb, bu cür xeyriyyə aksiyalarının daim ictimai maraq doğurduğunu bildiriblər. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikası ölkəmizdə sahibsiz heyvanların xəstəliklərdən qorunması, müalicəsi istiqamətində uğurlu fəaliyyətini davam etdirir.
Bildirilib ki, ölkəmizdə sahibsiz heyvanlarla bağlı məsələ ən aktual problemlərdən hesab edilir. Son illər bu istiqamətdə mühüm addımlar atılıb, o cümlədən Azərbaycan Respublikası “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulub, müxtəlif mərkəz və sığınacaqlar yaradılıb.
Heyvanların mühafizəsi sahəsində uğurlu layihələrdən biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən yaradılan IDEA Heyvanlara Qayğı Mərkəzi olub. Mərkəzin missiyası heyvanların rifah və sağlamlığının yaxşılaşdırılması, Bakı və onun ətraflarında sahibsiz heyvanların sayının tənzimlənməsi (sterilizasiyası), zoonoz və parazitik infeksiyaların yayılmasının qarşısının alınması (peyvəndlənmə), eləcə də heyvanlara humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsindən ibarətdir.