Image

Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib

01 Noyabr 2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Kənd Təsərrüfatı naziri İnam Kərimov və Nazirliyin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Yığıncaqda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Nazir bildirib ki, Azərbaycan böyük əkinçilik ənənələrinə malik ölkələrdən biridir: “Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və gərgin əməyi ilə həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası ümummilli lider tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub”.

Kənd təsərrüfatı nazirinin sözlərinə görə, hazırda ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. 2020-ci ildən aqrar subsidiyalar yeni mexanizm əsasında veriləcək. Yeni subsidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Qəbul olunan qərarlar, imzalanmış fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır. Məhz həyata keçirilən tədbirlər nəticəsində təkcə bu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb. Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Aqrar sahənin ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Bu nəticələrə dövlətin yürütdüyü uğurlu aqrar siyasət və fermerlərə göstərilən xüsusi diqqət sayəsində nail olmuşuq”.

Nazir bu gün aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini deyib. Ötən gün dövlət başçısının kənd təsərrüfatı sektorunda çalışan 32 nəfəri fəxri ad, orden və medallarla təltif etdiyini xatırladan İnam Kərimov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov yığıncaq iştirakçılarına dövlət başçısının salam və təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il 1 noyabr tarixinin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması dövlətin fermerlərə göstərdiyi diqqətin təzahürüdür: “Cənab Prezident İlham Əliyev tərəfindən 2007-ci ildən kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi və bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir. Son illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bu dövr ərzində səmərəli fəaliyyət göstərib, ciddi nəticələr əldə edib. Bu mövsümdə istər taxıl yığımı, istərsə də pambıq yığımında əldə edilən nəticələr uğurlu fəaliyyətin göstəriciləridir. Kənd Təsərrüfatı Nazirliyi çox ciddi uğurlara imza atıb. Bu, dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bir qayda olaraq Kənd Təsərrüfatı Nazirliyinin bütün təşəbbüsləri hər zaman dəstəklənib. Bu təşəbbüslər Nazirliyin potensialının gücləndirilməsinə xidmət edir. Bu illər ərzində ən əsası Kənd Təsərrüfatı Nazirliyinin institusional potensialının gücləndirilməsi istiqamətində işlər görülüb və fəaliyyət üçün konkret prinsiplər müəyyənləşdirilib. Hesab edirik ki, 3 əsas prinsip - kəndli və fermerlərə yaxınlıq, səmərəli və şəffaf idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinin əsasında göstərilən fəaliyyət nəticəsində qarşıdakı dövr ərzində daha ciddi nəticələr əldə olunacaq”.

Daha sonra Azər Əmiraslanov Prezident İlham Əliyevin kənd təsərrüfatı sektorunda çalışan bir qrup şəxsin fəxri ad, orden və medallarla təltif olunmasına dair imzaladığı Sərəncamı oxuyub, təltif olunan şəxsləri təbrik edib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov isə çıxışında bildirib ki, son illər ərzində kənd təsərrüfatı sahəsi dinamik inkişaf edib: “Kənd təsərrüfatı sahəsi artıq elmi cəhətdən idarə olunur. 2019-cu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6,27 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1% artıqdır. Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib, aqrar sahənin ixrac potensialı yüksəlib”.

Aqrar sahənin qanunvericilik bazasının daha da təkmilləşdirildiyini deyən millət vəkili Milli Məclisin adından kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib.

Prezidentin imzaladığı sərəncamla təltif olunan Rəcəb Orucov, Elman Qasımov və Maarif Hüseynov verdiyi dəyərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncağın iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olunub. Müraciətdə bildirilir ki, Prezidentin imzaladığı son fərman və sərəncamlar, eyni zamanda aqrar sahəyə göstərdiyi daimi diqqət və qayğı nəticəsində kənd təsərrüfatının bütün sahələri dinamik inkişaf edib, köklü dəyişikliklər baş verib və zəruri potensialın formalaşdırılması üçün məqsədyönlü tədbirlərin icrası uğurla davam etdirilir. İştirakçılar göstərdiyi diqqət və qayğıya görə aqrar sahənin işçiləri, fermer və sahibkarlar adından dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.