01 Noyabr 2019
Noyabrın 15-də Aqrar Tədqiqatlar Mərkəzinin “Aqrar Tədqiqatçıların Müzakirə Platforması”nın (ATM Platforması) növbəti təqdimatı keçiriləcək.
“Aqrar sahəyə dövlət dəstəyi: müxtəlif ölkə modelləri və Azərbaycan təcrübəsi” adlı seminar Mərkəzin gənc tədqiqatçısı, Tədqiqatlar departamentinin Aqrobiznes mühitinin təkmilləşdirilməsi və investisiya siyasəti bölməsinin baş mütəxəssisi Nigar Qasımovanın moderatorluğu ilə keçiriləcək.
Təqdimatda müxtəlif ölkələrin təcrübələri ilə yanaşı, Azərbaycanda aqrar sahə üzrə həyata keçirilən subsidiya siyasətinin effektivliyinə dair təhlilin nəticələri haqda məlumat veriləcək.
Universitetlərin, tədqiqat mərkəzlərinin, dövlət qurumlarının və şirkətlərin gənc əməkdaşları ATM Platformasında iştiraka dəvət olunurlar.
Seminar Aqrar Tədqiqatlar Mərkəzinin ofisində (Bakı şəhəri, Nizami küçəsi, 92) 2019-cu il noyabrın 15-də saat 16.00-da keçiriləcək.
ATM Platformasının ayda bir dəfə olmaqla mütəmadi keçirilməsi nəzərdə tutulur. Platformada hər dəfə bir aktual mövzu üzrə ATM-in və digər qurumların gənc tədqiqatçıları tərəfindən təqdimatlar edilir.