Image

Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib

04 Noyabr 2023

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Respublikamızda pambıq toxumçuluğunun mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzusunda tarla seminarı keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, pambıq istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri və pambıqçı fermerlər iştirak ediblər.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov toxumçuluğun məhsul istehsalı zəncirində çox mühüm rol oynadığını bildirib. Bildirib ki, mövsüm zamanı torpağa səpilən yüksək reproduksiyalı toxum əkin sahələrindən bol və keyfiyyətli məhsul götürülməsi deməkdir. Respublikamızda son illərdə toxumçuluğun inkişafı, bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, məhsuldar toxum sortlarının yetişdirilməsinə xüsusi diqqət yetirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov pambıq toxumçuluğunun inkişaf etdirilməsi, toxuma olan tələbatın  yerli istehsal hesabına  təmin olunmasının prioritet vəzifələrdən olduğunu bildirib. Toxumçuluğun gəlirli sahə olduğunu deyən şöbə müdiri ölkədə bu sahəni inkişaf etdirilməsi və toxumçuluq təsərrüfatlarının yaradılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov sort təmizliyinin təmin edilməsində ilkin toxumçuluğun düzgün təşkilinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, toxumçuluq sisteminin səmərəli təşkili xüsusi əhəmiyyət kəsb edir.

Şirkət nümayəndələri yerli pambıq toxumluğunun inkişaf perspektivləri barədə danışıb, pambıq toxumu istehsalı ilə əlaqədar institutla əlaqələrin daha da genişləndirilməsinin zəruri olduğunu bəyan ediblər. Tədbirdə respublikada pambıq toxumçuluğunun inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Sonda institutun təcrübə sahələrinə baxış keçirilib.