Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru İTV-nin “Diqqət mərkəzi”ndə - VİDEO

02 Noyabr 2019

1 noyabr Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Bu münasibətlə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə İctimai Televiziyada (İTV) canlı yayımlanan “Diqqət mərkəzi” verilişinin qonağı olub.

Kən təsərrüfatının nailiyyətlərindən danışan ATM rəhbəri bildirib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasi kursa uyğun olaraq kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafında prioritet istiqamətlərdən biridir və buna uyğun olaraq da həyata keçirilən tədbirlər öz nəticələrini verir: “Konkret göstəricilərə gəldikdə, kənd təsərrüfatının inkişafı bu ilin 9 ayında daha yüksək göstəricilərlə xarakterizə olunur, 7,1 faiz artım var. Ötən ilin 9 ayında kənd təsərrüfatının ÜDM-də payı 5,6 faiz idisə, cari ilin 9 ayında bu göstərici 6,2 faizə yüksəlib”.

Mərkəz direktoru kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsilə bağlı suala cavab verərkən qeyd edib ki, Azərbaycan ümumilikdə kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsi məqbul olan ölkələr sırasındadır: “Ət və süd məhsulları ilə özünütəminat 80-90 faiz, kartofla təminat demək olar ki, 100 faiz səviyyəsindədir. Meyvə-tərəvəzin ixracatçısıyıq. Ərzaq məhsulları ilə təminatda xüsusilə zəif nöqtəmiz ərzaq buğdası ilə özünütəminatdır. Bizim buğda ilə təminatımız təqribən 65 faiz səviyyəsinə gəlib çatıb. Azərbaycanda heç vaxt istehsal ənənəsi olmayan şəkər xammalının təminatında idxaldan asılılığımız yüksəkdir. Çünki bu məhsulun istehsalına sıfırdan başlamışıq. Quşçuluq məhsulları ilə təminatda idxaldan kəskin asılılıq aradan qalxıb, ancaq bizi qane etmir ki, hələ də 25-26 faiz idxal mənbələri rol oynayır. Ancaq kənd təsərrüfatının potensialı imkan verir ki, bu sahələrin də inkişafı üzrə aydın strategiya müəyyənləşdirək. Məsələn, aparılan qiymətləndirmələr göstərir ki, hal-hazırda orta hesabla 1,4-1,5 milyon ton səviyyəsində olan buğda idxalını haradasa 700 min ton səviyyəsinə  endirmək imkanımız var”.

F.Fikrətzadə eləcə də ət və süd məhsulları üzrə idxalın tamamilə aradan qaldırılması üçün potensialın olduğunu vurğulayıb.

ATM direktoru həmçinin gələn il tətbiqinə başlanılacaq yeni subsidiya mexanizmindən, fermerlərə dövlət dəstəyi siyasətindən danışıb.

Ümumilikdə bir sıra vacib məqamlara aydınlıq gətirildiyi verilişin videoyazısını təqdim edirik: