Image

Azərbaycan nümayəndə heyəti “Agritechnica-2023” sərgisində iştirak edir

16 Noyabr 2023

Almaniyanın Hannover şəhərində “Agritechnica-2023” Beynəlxalq Kənd Təsərrüfatı Texnika və Avadanlıqları sərgisi keçirilir. Aqrar sektorun inkişafını prioritet istiqamətlərdən elan edən Azərbaycan hər dəfə sərgidə aktiv iştirak edir, sərgiyə qatılan dövlət və özəl sektor nümayandələri yeniliklərin ölkəmizə gətirilməsi üçün görüşlər keçirirlər. Bu ilki sərgidə iştirak edən nümayəndə heyətində “Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini İlqar Məhərrəmov, Kənd təsərrüfatı texnikaları, ehtiyat hissələri və texnoloji avadanlıqların satışı şöbəsinin müdiri Rasim İsmayılov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova və təchizatçı şirkətin nümayəndələri təmsil olunur.

Sərgi ənənəvi olaraq iki ildən bir təşkil olunur və əhatə dairəsinə, yeniliklərin həcminə görə dünyanın ən böyük sərgilərindən sayılır. Sərgiyə Avropa, Asiya, Amerika qitəsinin böyük maşınqayırma şirkətləri qatılır, təqdim olunan ən son elmi-texniki nailiyyətlərlə 53 ölkədən gələn minlərlə izləyici tanış olur, gələcək əməkdaşlıq münasibətlərinin əsası qoyulur. Ümumi sahəsi 390 min kvadrat metrdən çox olan bu dəfəki sərgidə 27 pavilyonda müxətlif ölkələri təmsil edən şirkətlər öz məhsullarını nümayiş etdirir.

Sərgidə intensiv əkinçilik, torpaqbecərmə, sənaye, laboratoriya texnologiyaları, biotexnologiya avadanlıqları, emal, satış, bitki mühafizə, meşə təsərrüfatı, müxtəlif təyinatlı kənd təsərrüfatı maşın və mexanizmləri, yemçilik, gübrələmə sahəsində əldə olunmuş elmi-texnoloji yeniliklər nümayiş etdirilir. Nümayişə çıxarılmış texnika və avadanlıqlar aqrar sahənin intensiv metodlarla inkişafına, məhsuldarlıq göstəricilərinin yüksəldilməsinə, ziyanverici və xəstəliklərdən effektli mühafizəyə, su, enerji və digər təbii resurslara qənaət olunmasına imkan verir.

Sərginin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, minlərlə iştirakçı arasında elmi-texniki, biznes münasibətləri formalaşır, əkinçilik şirkətləri istehsalın təşkilində tələb olunan texnika və avadanlıqları sərgi günlərində müəyyən edir, fermerlər yeniliklərlə tanış olur, istehsalçı şirkətlər isə sərgi günlərində aparılan ünsiyyətin nəticəsi olaraq öz gələcək istehsal planlarını qura bilirlər.

Yaxın gələcəkdə kənd təsərrüfatının texnoloji inkişaf meyllərinin müəyyən edilməsində mühüm rol oynayan bu sərgi noyabrın 18-də başa çatacaq.