Image

ABŞ-Azərbaycan Ticarət Palatasında Azərbaycanın Kənd Təsərrüfatı naziri ilə görüş keçirilib

06 Noyabr 2019

ABŞ-a səfəri çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri və tərəfdaş təşkilatları ilə Palatanın Vaşinqtonda yerləşən ofisində görüşü keçirilib.

Görüşdə palata üzvləri ilə yanaşı, palatanın direktorlar şurasının həmsədri Reza Vəziri, Azərbaycan Respublikasının ABŞ-dakı Səfiri Elin Süleymanov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan missiyasının rəhbəri Cey Sinx, Dünya Bankının yüksək vəzifələri nümayəndələri, eləcə də ABŞ-ın kənd təsərrüfatı mütəxəssislərinin qeyri-rəsmi klubu hesab olunan “Ag-salon”un bir sıra üzvləri də iştirak edib.

Görüş zamanı İnam Kərimov Azərbaycanda kənd təsərrüfatı sahəsində gedən sürətli dəyişikliklər, bu sahədə tətbiq edilən innovativ yanaşmalar, eləcə də kənd təsərrüfatı sahəsində təhsil və araşdırmaların dəstəklənməsi barədə məlumat verib. Bildirib ki, hazırda Azərbaycan dövləti iqtisadiyyatın prioritet sahələrindən olan kənd təsərrüfatında təhsil məsələlərinə xüsusi önəm verməklə yanaşı, fermer təsərrüfatlarını da müxtəlif proqramlar vasitəsilə dəstəkləyir. Görüş iştirakçılarının xüsusilə diqqətini çəkən məsələ dövlətlə fermer arasında ünsiyyət sahəsində elektronlaşmanın aparılması olub.

Qeyd edək ki, bu il noyabrın 6-8-də Oklahoma ştatı ilə Azərbaycan arasında baş tutacaq kənd təsərrüfatı forumunda iştirak etmək üçün Kənd Təsərrüfatı naziri İnam Kərimovun başçılığı ilə Azərbaycandan iyirmiyədək kənd təsərrüfatı şirkətinin əməkdaşları ABŞ-da səfərdədirlər. Forum çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında əməkdaşlıq sənədi, eləcə də Gədəbəy rayonu ilə Stilvoter şəhəri arasında qardaşlaşma sənədinin imzalanması nəzərdə tutulub.

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), USAID-in Azərbaycan missiyası, Oklahoma ştatının Kənd Təsərrüfatı və Ticarət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.