Image

Şamaxıda üzümçü fermerlər üçün tarla seminarı keçirilib

17 Yanvar 2024

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən Şamaxı rayonunda üzümçü fermer təsərrüfatında budama ilə bağlı tarla seminarı keçirilib.

Seminarda bildirilib ki, üzümçülükdə ən vacib və mürəkkəb aqrotexniki tədbirlərdən biri də quru budamadır. Quru budama əsəsən yarpaqlar töküldükdən 15-20 gün sonra başlayıb, mart ayına kimi həyata keçirilə bilər. Quru budama üzümün sort xüsusiyyətindən, tənəyin becərildiyi şərətdən, torpağın münbitliyindən, tənəyin formasından, məhsulun istifadə istiqamətindən, becərilmə texnologiyasından və s. asılı olaraq aparıldığından bəzi hallarda üzümçü fermerlərimiz düzgün budama zamanı çətinliklə qarşılaşırlar. Budama zamanı optimal yük normasının (tənəkdə saxlanılan bar zoğlarının, gözcüklərin miqdarı, bar zoğlarının kəsilmə uzunluğu) müəyyən edilməsi məhsuldarlıq və məhsulun keyfiyyətinə, tənəyin konkret şəraitdə inkişafına, ekoloji risk amillərinə (quraqlığa, yüksək temperatura və s.), xəstəlik və zərərvericilərə davamlılığına müsbət təsir göstərir. Əks təqdirdə budama zamanı tənəyə az və ya çox gözcük yükünün verilməsi ciddi fəsadlara gətirib çıxarır.

Qeyd olunub ki, budamada məqsəd tənəyə uyğun formanın və müvafiq gözcük yükünün verilməsi, bar budaqlarının fəzada düzgün və nizamlı şəkildə yerləşdirilməsi, tənəkdə uzun illər sabit və yüksək məhsulun əldə olunması, tənəyin uzunömürlülüyünün təmin edilməsi, dərmanlama, məhsul yığımı və s. əməliyyatların asanlaşdırılması, tənəkdə əl əməyinin, yaşıl əməliyyatların və s. azaldılmasıdır.

Budama zamanı çubuqların buğumların normal uzunluqda olması vacibdir. Çox qısa və çox uzun buğumarasına malik olan zoğlardan bar budaqlarının və əvəzedici çiliyin saxlanılması məqsədəuyğun deyil. Həmçinin budama zamanı birillik zoğların dib gözlərinin barvermə xüsusiyyətləri də nəzərə alınmalıdır. Çünki adətən ikillik zoğa çox yaxın olan 1-2 göz “kor gözlər” adlanır və onlardan çıxan zoğlar barsız olur. Ona görə də budama zamanı bu gözcüklər göz sayında nəzərə alınmır.

Təlim zamanı qeyd edilən məsələlər praktiki olaraq nümayiş etdirilib.