Image

Bakıda ECO ölkələrinin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclası keçirilir

03 Dekabr 2019

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclası keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparatının və tabeli qurumlarının mütəxəssisləri, üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin mütəxəssisləri və ECO-nun müvafiq qurumlarının nümayəndələri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının rəsmiləri iştirak edir.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclasına sədrlik edən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə gündəlik barədə məlumat verib. ECO ölkələrinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensialının olduğunu vurğulayan F.Fikrətzadə bildirib ki, təşkilata üzv ölkələrin aqrar sahə üzrə beynəlxalq ticarətinin həcmi 96 milyard dollara bərabərdir. Bu isə beynəlxalq ticarətin 5,5 faizini təşkil edir. İclasın sədri üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı mühüm qərarların qəbul ediləcəyinə əminliyini bildirib.

Sonra çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Artıq aqrar sektorda yeni iqtisadi münasibətlər formalaşıb, bu sahənin idarəetmə strukturunun dövrün tələblərinə uyğun olaraq formalaşdırılması, dövlət dəstəyi siyasətinin təkmilləşdirilməsi, istehsal edilən məhsulların rəqabətədavamlılığının artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməsi bu sahənin son dövrlərdə inkişafına təkan verən amillərdən biri olub. Məhz bunun nəticəsidir ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar nəticəsində kənd təsərrüfatında artım tempi dayanıqlı xarakter alıb, dinamik inkişaf trendi cari ildə də davam edib. 2019-cu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 7,1% artım qeydə alınıb və aqrar sektorun ÜDM-də payı 6,2 faizə çatıb”.

Nazir müavini əlavə edib ki, dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün qida və ərzaq təhlükəsizliyinin bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın formalaşdırılması zəruridir: “Bildiyiniz kimi, ECO-ya üzv ölkələr arasında əməkdaşlıq həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi olaraq davam etdirilir. İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında elmi-tədqiqat sisteminin inkişafı, mütərəqqi təcrübələrin mübadiləsi, müasir texnologiyalar və metodologiyaların ötürülməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi nailiyyətlərin paylaşılması və digər əməkdaşlıqlar üçün vacib platformadır”.

Tədbirdə çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin kənd təsərrüfatı və sənaye üzrə direktoru Memduh Unal bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirləri uğurla davam etdirir: “Son 15 ildə Azərbaycan ECO ölkələri arasında iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə olub. Eyni zamanda, Azərbaycan təşkilata üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişafına dəyərli töhfələr verir”.

Tədbirdə təşkilata üzv ölkələr arasında iqtisadi əlaqələr, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ECO ölkələrində kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması və ölkələrarası ticarətin genişlənməsi üçün böyük potensial var.

Daha sonra ECO-ya üzv ölkələrin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlər qrupunun 5-ci iclasının sədri seçilib və gündəlik təsdiqlənib. Tədbirdə “ECO-Vision 2025”-in kənd təsərrüfatına aid hissəsinin həyata keçirilməsi yolları ilə bağlı müzakirələr aparılıb. Həmçinin tədbirdə ECO-ya üzv Ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin 5-ci İclasından bəri Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Fəaliyyətinə dair Katibliyin Tərəqqi Hesabatının təqdimatı olub. Gündəliyə daxil edilən digər məsələlər də ECO-ya üzv ölkələrin ekspertləri tərəfindən geniş müzakirə olunaraq razılaşdırılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirlərinin 6-cı İclasının gündəliyinin layihəsi müzakirə olunaraq qəbul edilib.

Qeyd edək ki, sabah İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin 6-cı İclası öz işinə başlayacaq. İclasda ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri, təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, aqrar sahə üzrə ekspertlər iştirak edəcək.