Image

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib

04 Dekabr 2019

Azərbaycan Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüslə çıxış edib

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, ECO-nun Baş katibinin müavini Sayed Yahya Akhlaqi, ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri - Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli, Qırğızıstanın Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya naziri Erkinbek Çoduyev, Özbəkistanın Kənd Təsərrüfatı naziri Jamşid Xocayev, Tacikistanın Kənd Təsərrüfatı naziri Sattori Izzatullo, Qazaxıstanın Kənd Təsərrüfatı nazirinin müavini Nurbek Dairmekov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumların mütəxəssisləri, üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin mütəxəssisləri və ECO-nun müvafiq qurumlarının nümayəndələri, təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Türkiyə Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı və Meşəçilik Komissiyasının sədri, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının rəsmiləri, aqrar sahə üzrə ekspertlər iştirak edib.

İclası giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Azərbaycan bölgədə sürətlə inkişaf edən iqtisadiyyata sahib olan bir ölkədir. Son 15 il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparıldığı qeyd olunur. Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan 20 ölkəsindən biri seçilməsi bunu bir daha sübut edir. Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Son illər bu istiqamətdə ölkəmizdə sistemli şəkildə həyata keçirilən islahatların, o cümlədən göstərilən yüksək dövlət qayğısının nəticəsi olaraq kənd təsərrüfatı sahəsində istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Təkcə bu ilin doqquz ayında aqrar sektorda artım yeddi faizdən çox olub. Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir”.

İqtisadi Əməkdaşlıq Təşkilatının regional əməkdaşlıq və həmrəyliyin vacib platformalarından biri olduğunu deyən nazir İnam Kərimov əlavə edib ki, üzv ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Regional əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu diqqətə çatdıran İnam Kərimov ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin (ECO-RARiN) yaradılması ilə bağlı təşəbbüslə çıxış edib: “Mərkəzin faəliyyəti ilə bağlı sənəd layihəsi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanaraq yerli dövlət qurumları və üzv ölkələrlə razılaşdırılıb. Mərkəzin yaradılmasında əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində ECO-ya üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən bütün müvafiq qurumlar və ya mərkəzlər sıx əməkdaşlıq edəcək”.

Tədbirdə çıxış edən ECO-nun Baş Katibinin müavini Sayed Yahya Akhlaqi təşkilatın fəaliyyət planı, icra olunan layihələr və həyata keçirilən tədbirlər barədə məlumat verib. O, ECO-ya üzv ölkələri kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan tam istifadə etməyə çağırıb.

Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclasının sədri seçilib və tədbirin gündəliyi təsdiqlənib.

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iqlim dəyişiklikləri və qida təhlükəsizliyi istiqamətində regional əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə iclas iştirakçılarını məlumatlandırıb.

Tədbirdə üzv ölkələrin kənd təsərrüfatı nazirləri, ECO-nun ixtisaslaşmış agentlikləri - regional təsisatlarının rəhbərləri çıxış edərək təşkilata üzv ölkələr arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunublar. İclasda ECO ölkələri arasında aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, təşkilatın və onun ixtisaslaşmış orqanlarının həyata keçirdiyi regional layihələr, üzv ölkələr tərəfindən irəli sürülən yeni təşəbbüslər və gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.

İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclasının sonunda ECO regionunda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi və iclasın hesabatı qəbul edilib. Bakı Bəyannaməsində üzv ölkələr arasında kənd təsərrüfatı və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin gələcək perspektivləri, ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması və digər məsələlər öz əksini tapıb.