Image

Aqrar Sığorta Fondunun sədri Şəmkirdə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

06 Mart 2024

Qəbulda Şəmkir və Qazaxdan olan vətəndaşların müraciətinə baxılıb

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov martın 6-da Şəmkir şəhərində vətəndaş qəbulu keçirib.

Şəmkir və Qazax rayonlarından olan vətəndaşların iştirak etdiyi qəbulda əsas müraciətlər müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi ilə bağlı olub.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulundan sonra Aqrar Sığorta Fondunun sədri Şəmkir rayonunda meyvə bağı təsərrüfatında olaraq fermerlərlə görüşüb, onların suallarını cavablandırıb.