Image

Daha üç rayonda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirici tədbirlər keçirilib

05 Dekabr 2019

"Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmək və payızlıq əkinləri bəyan etməklə bağlı hər hansı texniki problemlə üzləşərsə, Dövlət Aqrar İnkişaf mərkəzlərinə müraciət etsinlər. Bundan başqa, fermerlərimizi istənilən məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməyə çağırırıq. Operatorlarımız onların suallarını operativ şəkildə cavablandıracaqlar".

Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Göyçay rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı maarifləndirici tədbirdə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, EKTİS-in tətbiqi ilə bağlı 2019-cu ildə geniş maarifləndirmə işləri aparılıb: "Rayonlarda keçirdiyimiz görüşlər zamanı fermerlərin həm EKTİS-in mahiyyəti, həm yeni subsidiya mexanizmi barədə məlumatlı olduğunu görürük. Artıq payızlıq əkinlərin bəyan edilməsi prosesi başlayıb, fermerlər elektron sistemdə hansı məhsulu əkdiklərini bəyan edirlər. 2020-ci ildən aqrar subsidiyalar bu bəyan əsasında veriləcək".

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri EKTİS-in tətbiqi ilə bağlı çoxsaylı sualları cavablandırıb, payızlıq əkinlərin bəyanı prosesində məlumatların sistemə daxil edilməsi barədə tövsiyələr veriblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə maarifləndirici tədbirlər keçirir. Gün ərzində analoji tədbirlər Ucar və Ağdaş rayonlarında da keçirilib. Maarifləndirici sessiyaların Zərdab, Ağcabədi, Bərdə və Yevlax rayonlarında da keçirilməsi nəzərdə tutulur.