Image

ATM Platforması gənc mütəxəssisləri seminara dəvət edir

06 Dekabr 2019

Dekabrın 20-də Aqrar Tədqiqatlar Mərkəzinin “Aqrar Tədqiqatçıların Müzakirə Platforması”nın (ATM Platforması) növbəti təqdimatı olacaq.

“Aqrar sahənin elektronlaşdırılması: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi” adlı seminar Mərkəzin gənc tədqiqatçısı, Elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin İnformasiya sistemlərinin inkişafı bölməsinin baş mütəxəssisi Orxan Hüseynovun moderatorluğu ilə keçiriləcək.

Təqdimatda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiq sahəsi, üstünlükləri, aqrar sahədə fəaliyyət göstərən şəxslərə yaratdığı imkanlar, EKTİS-də formalaşan modullar, funksionallıqlar və sistemə daxil edilən məlumatlar əsasında hesabatların hazırlanması haqda bilgi veriləcək.

Universitetlərin, tədqiqat mərkəzlərinin, dövlət qurumlarının və şirkətlərin gənc əməkdaşları ATM Platformasında iştiraka dəvət olunurlar.

Seminar Aqrar Tədqiqatlar Mərkəzinin ofisində (Bakı şəhəri, Nizami küçəsi, 92) 2019-cu il dekabrın 20-də saat 16.00-da keçiriləcək.

ATM Platforması ayda bir dəfə olmaqla mütəmadi keçirilir. Platformada hər dəfə bir aktual mövzu üzrə Aqrar Tədqiqatlar Mərkəzinin və digər qurumların gənc tədqiqatçıları tərəfindən təqdimatlar edilir.