10 Dekabr 2019
Aqrar Tədqiqatlar Mərkəzində “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirilməsi xəritələri”nin təqdimatı olub.
Təqdimatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin aqrar məsələlər üzrə müşaviri, Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və Torpaqşünaslıq Kafedrasının müdiri, akademik Qərib Məmmədov və rəhbərlik etdiyi mütəxəssislər qrupu həyata keçirib. Tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə və Mərkəzin müvafiq sahə ilə bağlı tədqiqatlar aparan əməkdaşları iştirak edib.
Qeyd olunub ki, xəritələrin hazırlanmasında məqsəd Azərbaycanın müxtəlif zonalar üzrə torpaq tiplərinin yayılması, o cümlədən torpaqların əsas göstəriciləri üzrə məlumatları interaktiv şəkildə əks etdirməkdir.
Tədbirdə ölkənin mövcud torpaq resurslarından səmərəli istifadə məqsədilə ərazinin torpaq və iqlim şəraitindən asılı olaraq əlverişli əkin strukturu altında istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, kənd təsərrüfatı bitkilərinin əlverişli yerləşdirilməsi ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzinin apardığı tədqiqatlar təqdim edilib, yanaşmalar nəzərdən keçirilib. Həmçinin əkin strukturunun optimallaşdırılması üçün interaktiv torpaq xəritələrindən istifadə məsələləri müzakirə edilib.
Mütəxəssislər bildiriblər ki, torpaqların keyfiyyət baxımından yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması və yüksək məhsuldarlığa nail olunması üçün tələb olunan kompleks sağlamlaşdırma tədbirlərinin görülməsi baxımından bu sahədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin səylərini əlaqəli şəkildə davam etdirmələri məqsədəuyğundur.
Görüşdə bu sahədə birgə tədqiqatların aparılması barədə razılığa gəlinib.