Image

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu başa çatıb

04 İyun 2024

Bakıda Türk Dövlətləri Qiymətləndiriciləri Birlikləri Şurasının (CAATS) III Beynəlxalq Forumu keçirilib. Forumda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin, qonaq qismində isə Rusiya, Belarus və Gürcüstan qiymətləndirmə birliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Forumun məqsədi türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşımaqdır.

Bakı Konqres Mərkəzində keçirilən forumda Maliyyə nazirinin müavini Azər Bayramov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, Milli Məclisin deputatları – Məşhur Məmmədov, Vüqar Bayramov və Aydın Hüseynov çıxış edib, türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın artırılmasının əhəmiyyətindən bəhs ediblər.

Forumda qiymətləndirmə sektorunda qlobal problemlər müzakirə olunub, ortaq türk qiymətləndirmə standartları barədə müzakirələr aparılıb. Bildirilib ki, bu müzakirələrdə səsləndirilən fikirlərin nəticəsində müəyyən addımlar atılacaq.

Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumun panel müzakirələrində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Belarus və Gürcüstandan olan qiymətləndirmə mütəxəssisləri sektorunun mövcud vəziyyəti ilə bağlı təəssüratlarını bölüşüblər. “Ortaq Türk qiymətləndirmə standartları və qiymətləndirmə bazarı” və “Qiymətləndirici peşəsinin inkişafı-beynəlxalq və regional perspektivlər” panellərinin moderator və spikerləri türk dövlətləri qiymətləndiricilərinin vahid qiymətləndirmə standartlarının hazırlanması, beynəlxalq iqtisadi münasibətlər sistemində türk dövlətləri qiymətləndiricilərinin fəal iştirakı ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirdə İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər dövlət qurumlarının rəsmiləri də iştirak ediblər.

Forum çərçivəsində İdarə Heyətinin iclası keçirilib. İclasda qarşılıqlı əməkdaşlığın artırılması, türk dövlətləri qiymətləndiricilərinin vahid qiymətləndirmə standartları və vahid məlumat bazasının hazırlanması barədə razılıq əldə olunub.