Image

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

06 İyun 2024

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Təşkilat şöbəsinin müdiri Anar Tağıyev bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir. Anar Tağıyev əlavə edib ki, dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunub. Qəbul edilən qanun və qərarlar insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə təminat verir.

Tədbirdə insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərə toxunulub. Həmkarlar İttifaqlarının əmək hüquqlarının qorunması ilə bağlı fəaliyyətindən bəhs olunub. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Vurğulanıb ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əməkdaşların və fermerlərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsinə xüsusi diqqət yetirilir. Hazırda ölkədə çalışan işçi qüvvəsinin böyük hissəsinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olur. Bu baxımdan fermer təsərrüfatlarında və istehsalat sahələrində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili məqsədilə mütəmadi monitorinqlər təşkil olunur. Aqrar sahədə çalışan işçilərin hüquqlarının müdafiəsini təmin etmək üçün mütəmadi olaraq maarifləndirici təlimlər keçirilir, görüşlər təşkil olunur.

Tədbirdə çıxış edən Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev qeyd edib ki, insan hüquq və azadlıqlarının ən ali səviyyədə təmin edildiyi ölkəmizdə vətəndaşlarımızın sosial-iqtisadi maraqlarının təmin olunması, əmək sahəsində bütün hüquq və mənafelərinin qorunması xüsusi önəm kəsb edir.

Tədbirdə əməyin mühafizəsi ilə bağlı standartlar, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılması, işçilərin layiqli əmək şəraiti ilə təmin olunması ilə bağlı görülən işlərə toxunulub. Tədbirdə çıxış edənlər vurğulayıb ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.