Image

“Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsiri” layihəsinin qeydiyyat tarixi iyunun 21-dək uzadılıb

10 İyun 2024

“Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında ümumrespublika layihə müsabiqəsinin qeydiyyat müddəti iyunun 21-dək uzadılıb.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi, Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilən “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında ümumrespublika layihə müsabiqəsi elan edilib.

VI-IX sinif şagirdləri üçün nəzərdə tutulan müsabiqədə hər məktəb 5 əsas və 3 ehtiyat olmaqla 8 nəfərdən ibarət bir komanda ilə təmsil oluna və yalnız bir layihə təqdim edə bilər.

Hazırlıq mərhələsində komandalar təlim və vebinarlar vasitəsilə müsabiqənin qaydaları, layihə mövzuları və istiqamətləri, layihənin strukturu və digər şərtləri barədə ətraflı məlumatlandırılacaqlar. (Müsabiqənin keçirilmə qaydaları haqqında link vasitəsitəsilə ətraflı məlumat ala bilərsiniz.) 

Müsabiqədə iştirak etmək istəyən məktəblər link-dən istifadə edərək qeydiyyatdan keçməlidir. Qeydiyyat cari ilin 10 iyun tarixinədək davam edəcək.

Təşkilat Komitəsi tərəfindən təqdim olunan layihələr iqlim dəyişikliyinin ətraf mühitə və uşaqların sağlamlığına mənfi təsirlərinin azaldılmasına zəmin yaradılması, nəzərdə tutulan fəaliyyətlərin real və icrasının mümkünlüyü, problemin həllində yaradıcı və innovativ yanaşmalara üstünlük verilməsi, layihə yekunlaşdıqdan sonra fəaliyyətlərin davamlılığının təmini, maliyyə səmərəliliyi və digər meyarlar əsasında qiymətləndiriləcək və ən uğurlu 5 layihə qalib elan olunacaq. Qalib komandalara layihənin icrası üçün büdcə məbləğində pul mükafatı veriləcək.

Qeyd edək ki, layihənin məqsədi ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi nəzərə alınaraq, bütün dünyanı narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə məktəbliləri maarifləndirmək, onları bu problemin həllində iştiraka və sağlam gələcək naminə ideyalarını bölüşərək həllər irəli sürməyə təşviq etməkdir. 

Layihə üzrə, həmçinin iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirlərinə dair ümumrespublika Uşaq Forumunun keçirilməsi, məktəblilər arasından seçilmiş “iqlim səfirləri”nin və mütəxəssislərin iştirakı ilə paytaxt və regionlarda pilot orta ümumtəhsil məktəblərində maarifləndirici tədbirlərin, ekoloji aksiyaların təşkili və iqlim dəyişikliyi mövzusuna dair  dərnəklərin yaradılması planlaşdırılır.