12 İyun 2024
"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin üzvləri, Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyinin nümayəndələri Ege Universitetində səfərdədir.
Səfərin ilk günündə Azərbaycan nümayəndə heyəti Ege Universitetinin rektoru Necdet Budakla görüşüb. Görüşdə ikili diplom proqramının fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb.
Sonra səfər çərçivəsində ikili diplom proqramının rəhbər komitəsinin iclası keçirilib. Tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdet Budak, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aparat rəhbəri Azad Cəfərli, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov, müdir müavini Emin Əliyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, həmin şöbənin baş məsləhətçisi Vüsalə Qurbanova, ikili diplom proqramının İdarəetmə Qrupunun layihə rəhbəri Aytən Şadlinskaya, ikili diplom proqramının direktoru Lamiyə Quliyeva, proqram katibi Elcan Məmmədov və Ege Universitetinin əməkdaşları iştirak ediblər.
ADAU rektoru Zəfər Qurbanov iclasda çıxış edərək proqramın uğurla həyata keçirildiyini və gələcəkdə daha da təkmilləşdirilərək fəaliyyət istiqamətlərinin genişləndiriləcəyini diqqətə çatdırıb. Proqram direktoru Lamiyə Quliyeva layihənin icrası ilə bağlı geniş təqdimatla çıxış edib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.