Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru “ATV Aktual”ın qonağı olub - VİDEO

27 Dekabr 2019

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə ATV telekanalının “Aktual” verilişinin qonağı olub.

Qeyd edək ki, bugünlərdə Azərbaycan Respublikası Prezidentinin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirə keçirilib. Müşavirədə əldə olunan uğurlar və problemlərin həlli istiqamətində müzakirələr aparılıb. “ATV Aktual”ın növbəti buraxılışı da pambıqçılığa, son illər bu sahədə görülən işlərə, mövcud problemlərə həsr olunub.

Mərkəz rəhbəri əvvəlcə pambıqçılıq mövsümünün yekunları ilə bağlı danışıb: “Təbii ki, yekun çox sevindiricidir, çox müsbətdir. O baxımdan ki, builki mövsümdə pambıqçılıqda əldə olunan həm kəmiyyət göstəriciləri, həm də keyfiyyət göstəriciləri çox yaxşıdır. İstehsalda məhsuldarlığın ciddi şəkildə artımı hesabına pambıqçılıqda inkişaf üçün kompleks tədbirlərin görüldüyü son illər ərzində ən yaxşı nəticəni əldə etdik. 294 min ton pambıq istehsal olundu ki, bu da 30 min hektar ümumi əkin sahələrinin azalması fonunda baş verdi. Məhsuldarlıqda artıq 29,4 sentnerlik göstəriciyə nail olmuşuq ki, bu, həm ötən illə müqayisədə çox ciddi artımdır, həm də ümumiyyətlə ölkəmizin tarixində, cənab Prezidentin də vurğuladığı kimi, təqribən 3 dəfə bu göstərici ətrafında məhsuldarlıq göstəricisi olub”.

F.Fikrətzadə bu il pambıqçılıqda əldə olunan təcrübələri də qeyd edib, mütərəqqi texnologiyalar əsasında həyata keçirilən pilot layihələrə diqqət çəkib: “Təcrübələr bizə göstərdi ki, pambıqçılıqda məhsuldarlığın artırılmasında daha yaxşı hədəflər müəyyənləşdirmək mümkündür. Pilot layihələr bu potensialı üzə çıxardı”.

Daha sonra ATM rəhbəri pambıqçılıqda əldə olunan uğurları konkret rəqəmlərlə xarakterizə edərək sahəyə dövlət dəstəyindən, güzəştlərdən, stimullaşdırma tədbirlərindən, subsidiya mexanizmindən danışıb.

Eləcə də verilişdə əməktutumlu sahə kimi pambıqçılığın yaratdığı məşğulluq, qazanc imkanları, emal sənayesi, onun perspektivləri və s. maraqlı məsələlərə toxunulub, həmçinin problemlərdən bəhs edilib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru son günlər bir neçə televiziya kanalının da qonağı olub, aqrar sahədə gündəmin aktual mövzuları ilə bağlı fikirlərini bölüşüb.

O cümlədən, İctimai Televiziyanın (İTV) efirində yayımlanan “Sabaha saxlamayaq” verilişinin ölkənin peşəkar kadr bankının yaradılması istiqamətində həyata keçirilən “Yüksəliş” müsabiqəsi ilə bağlı müzakirələrinə qatılıb.

“ATV Aktual” verilişinin videoyazısını, həmçinin digər verilişlərin videoyazılarının keçidlərini təqdim edirik:

   https://www.youtube.com/watch?v=kjLWmH9TisA          https://www.youtube.com/watch?v=q6Vn72Y6bxo

   https://www.youtube.com/watch?v=hXRzPqVbxiQ          https://www.youtube.com/watch?v=vVHUu5vDnRM