Image

Fermerlərə ödəniləcək əkin subsidiyasının məbləği necə müəyyənləşir? - PROSEDUR

15 Yanvar 2020

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı proses davam edir. Hazırda fermerlərin sistemə daxil etdikləri torpaq sənədlərinin və payızlıq əkin məlumatlarının yoxlanılması aparılır.

Payızlıq əkinlərlə bağlı subsidiyaların verilməsi yoxlamaların tamamlanması ardıcıllığına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Artıq ilkin sənəd qəbulundan sonra hesablanmış subsidiya məbləğləri barədə məlumatı ehtiva edən elektron bəyannamə-ərizələr fermerlərin şəxsi kabinetlərinə göndərilib. Bununla bağlı fermerlərin mobil nömrələrinə müvafiq SMS göndərilib və onlar şəxsi kabinetə bildiriş göndərilməsi ilə bağlı məlumatlandırılıblar. Elektron bəyannamələr fermer tərəfindən 3 gün ərzində təsdiqlənmədiyi təqdirdə avtomatlaşdırılmış qaydada təsdiqlənəcək və yoxlama mərhələsinə yönləndiriləcək. Bu məlumatlarla razı olmayan fermer elektron kabineti vasitəsilə müraciət edə, yaxud DAİM-lərə gedib təklif və ya şikayətini təqdim edə bilər.

Yoxlamalar sənədlər əsas götürülməklə a) inteqrasiya vasitəsilə digər qurumlardan əldə edilən məlumatlarla uzlaşdırma, b) peyk yoxlaması, c) aidiyyəti orqanlara sorğuların göndərilməsi, d) yerində yoxlamalar vasitəsilə həyata keçiriləcək. Yoxlama nəticəsində yekun subsidiya məbləği dəqiqləşdirilmiş olacaq, fərqliliklər barədə fermerlərə bildirişlər göndəriləcək. Burada əhəmiyyətli olan doğru torpaq sənədinin təqdim edilməsi və həmin torpaq ərazisinə əkilən bitki hektarı və növü barədə doğru informasiyanın sistemə təqdim edilmiş olmasıdır. Kənarlaşmalar barədə qəbul edilən yeni Qaydaya uyğun tədbirlər görüləcək.

Çoxillik əkmələrlə bağlı edilən bəyanlara uyğun olaraq hesablamaların, yoxlamaların aparılması və optimal müddətdə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilib. Hər bir fermer üçün sənədlərini təqdim etdiyi torpaq sahələrində əkdiyi və bəyan etdiyi bitki növü üzrə baza məbləğinə əmsal tətbiq edilməklə əkin subsidiyası hesablanır.

Əkin subsidiyası veriləcək bitkilər üzrə əmsallar barədə artıq Aqrar Subsidiya Şurası tərəfindən qərar qəbul edilərək ictimaiyyətə elan edilib (http://akia.gov.az/az/single/36). Fermerlər bu subsidiya məbləğini 2019-cu ildən onların istifadəsinə verilən kalkulyator (http://akia.gov.az/az/calc/) vasitəsilə öyrənə bilirlər.

Nəzərə alınmalıdır ki, pambıq, tütün, fındıq, çəltik, çay bitkilərinin istehsalı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən rayonlar üzrə dəstəklənir. Burada məqsəd qeyd edilən bitkilərin yüksək məhsuldarlıq əldə edilən və ya edilə biləcək rayonlar üzrə istehsalının dəstəklənməsidir.

Əkin subsidiyası üzrə növbəti yenilik damcı suvarma sistemi ilə təmin olunmuş yeni intensiv meyvə bağlarına daha yüksək əmsalla (2-4 arası) dəstəyin müəyyən edilməsi və bu dəstəyin ilk 4-5 il ərzində davam etməsidir. Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.

Əkin subsidiyası üzrə xidmətin reqlamenti https://www.dxr.az/xidmet/6E6B75BE-5ADF-47F7-A327-BA0F02653E16/23A0CB12-5A60-C311-BF0D-6C3BE51E53F1 ünvanında vətəndaşların diqqətinə təqdim edilib.