16 Yanvar 2020
Yanvarın 15-də Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində “SenSPa –otlaqların dayanıqlı idarəedilməsi” layihəsinin bağlanış mərasimi keçirilib. Layihə barədə tədqiqat işinin icraçısı olan “kartECO” şirkətinin direktoru Apostolos Karteris ümumi məlumat verib, layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təşəkkür edib.
Sonra Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə çıxış edib, qonaqları salamlayıb. Layihənin icraçılarına ilkin nəticəyə görə minnətdarlığını bildirən Fikrətzadə qarşıya qoyulan məqsədin, görülən işlərin önəmini vurğulayıb, qeyd edib ki, layihədən gözləntilər böyükdür.
Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Rayner Freunda söz verilib. O, tərəfdar kimi bu layihədə iştirak etdiklərinə görə təşəkkür edib, bildirib ki, layihə Avropa Kosmik Agentliyi tərəfindən maliyyələşdirilir.
R.Freund deyib ki, layihədə məqsəd otlaq sahələrindən daha səmərəli, o cümlədən elmi yanaşma çərçivəsində istifadə olunmasıdır.
Açılış nitqindən sonra layihənin təqdimatına keçilib. Təqdimatı “kartECO”nun əməkdaşı Emmanuel Tsiros edib. O, məqsədlər, görülən işlər və əldə olunan nəticələr barədə danışıb. Vurğulayıb ki, layihədə əsas məqsəd otlaqlardan daha səmərəli, davamlı və dayanıqlı istifadəyə nail olunmasıdır. Bunun üçün peyk vasitəsilə otlaqların monitorinqi aparılır, nəticələr qruplaşdırılaraq təhlil edilir.
“SenSPa” haqqında, bu alətin xüsusiyyətləri, eləcə də tədqiqatın metodologiyası, qurulan model barədə geniş məlumat verən E.Tsiros deyib ki, Azərbaycanda pilot ərazilər kimi İsmayıllı və Şamaxı rayonları seçilib. Bu rayonlarda ümumilikdə 3685 kv.km ərazi tədqiqata cəlb olunub, otlaqların vəziyyəti, yem istehsalı potensialı araşdırılıb.
E.Tsiros da tədqiqatlara dəstək üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib, qeyd edib ki, layihənin icrasında Aqrar Tədqiqatlar Mərkəzinin bölmə rəhbəri Ərşad Yaşar da yaxından iştirak edib.
Layihənin nəticələrindən danışan natiq vurğulayıb ki, burada 3 əsas məsələ hədəf götürülüb: otlaqların dayanıqlı idarəsi, xərclərin azaldılması, BMT-nin İnkişaf Məqsədlərinə uyğunluq.
Məlum olub ki, layihənin 3-cü ayından artıq veb-portal fəaliyyət göstərir, görülən işlərlə bağlı təbliğat materialları çap olunub.
Sonra layihənin gedişini və məqsədlərini ehtiva edən qısa videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, layihənin yekunu ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzində yanvarın 15-16-da iki seminar keçirilib. Seminarlarda layihənin daha detallı təqdimatı olub, geniş müzakirələr aparılıb.