02 Sentyabr 2024
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində (ATM) Türkiyənin Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Kənd təsərrüfatının iqtisadiyyatı bölümünün rəhbəri professor İlkay Dellalla görüş olub.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov qonağı salamlayaraq Mərkəz haqda geniş məlumat verib. Öz növbəsində İlkay Dellal da Ankara Universiteti, Universitetin Kənd təsərrüfatı fakültəsi, habelə rəhbərlik etdiyi Kənd təsərrüfatının iqtisadiyyatı bölümü barədə məlumatları bölüşüb.
Elmi fəaliyyəti əsasən iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri sahəsində ixtisaslaşmış professor İlkay Dellalla görüşdə bu istiqamətdə görülən işlər, həyata keçirilən araşdırma və tədqiqatlar ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.
ATM rəhbəri Mərkəzin tədqiqatçılarının Ankara Universitetində, Ankara Universitetinin tədqiqatçılarının isə Aqrar Tədqiqatlar Mərkəzində qarşılıqlı təcrübə mübadiləsinə cəlb olunmalarını təklif edib. Tərəflər hər iki qurumda çalışan alimlərin birlikdə müxtəlif iqtisadi modellərin tətbiqi, yeni modellərin yaradılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.