Image

Qubada “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

18 Sentyabr 2024

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda Azərbaycan, Türkiyə, Xorvatiya, Rusiya, Belarus, Ukrayna kimi ölkələrdən müvafiq sahələrdə elmi fəaliyyət göstərən alim və mütəxəssislər iştirak edib.

Konfransın əsas məqsədi maraqlı tərəfləri bir araya toplayaraq iqlim dəyişikliklərinin kənd təsərrüfatının meyvəçilik və tərəvəzçilik sahələrinə olan mənfi təsirlərinin azaldılması və mövcud vəziyyətə uyğunlaşma yollarının araşdırılması istiqamətində bilik və təcrübələr mübadiləsindən ibarət olub. Bundan başqa, təşkilatçı institutlar ilə (Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” PHŞ) müxtəlif ölkələrin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müvafiq müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, mövcud əlaqələrin daha da gücləndirilməsi, birgə elmi tədqiqat layihələrin müzakirəsi də konfransda əsas müzakirə mövzularındandır.

Konfransda çıxış edən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib ki, qlobal iqlim dəyişikliyi meyvəçilik sahəsinə də öz təsirini göstərməyə başlayıb. O bildirib ki, bu təsirlərin azaldılması və uyğunlaşdırılması qarşımızda duran əsas vəzifələrdən biridir. “Azərbaycanın aqrar iqtisadiyyatında meyvəçilik önəmli bir sahədir və son dövrlərdə yüksək sürətlə inkişaf edir. Hazırda Azərbaycan meyvəçiliyi inkişaf etmiş ölkələrin meyvəçiliyi ilə müqayisə oluna bilər və əsas hədəfimiz yüksək keyfiyyətli bazar tələblərinə uyğun, xəstəlik və zərərvericilərə qarşı davamlı meyvə istehsalını artırmaqdır və onun potensiyalından maksimum dərəcədə istifadə etməkdir. Ölkədə istehsal olunan meyvə bitkilərindən alma, üzüm, nar, fındıq və şərq xurması ilk sıralardadır”, - deyə İlham Qaraqurbanlı vurğulayıb.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev qeyd edib ki, qlobal iqlim dəyişikliklərinə uyğunlaşma və təsirinin azalması məqsədilə elmi tədqiqat işlərinin aparılmasında yeni yanaşmalar tətbiq edilməyə başlanılıb. O əlavə edib ki, ənənəvi yetişdirmə üsullarından daha sürətli və effektiv olan genom məlumatlarından və molekulyar markerlərdən istifadə etməklə patogenlərə qarşı güclü müdafiə mexanizmləri inkişaf etdirilir: “Zaman keçdikcə həşəratlara, virus, bakteria, göbələklərə və abiotik stres şəraitinə qarşı davamlı, vahid sahədə yüksək məhsul verən keyfiyyətli genotiplərin əldə edilməsi ənənənəvi metodlardan daha az istifadə olunmasına səbəb olacaq”.

Kofransda çıxış edənlər bu işlərin davamlı olması üçün yetişdirilən sortların keyfiyyəti artırılması və yüksək əlavə dəyəri olan məhsullar becərmə sistemlərinə daxil ediməli olduğunu xüsusi qeyd ediblər. Mütəxəssislərin fikrincə, yeni tətbiqlərin mövcud bitki fiziologiyasına təsiri yaxşı təhlil edilməli və innovasiyalara uyğunlaşarkən bitki müxtəlifliyi də qorunub saxlanılmalıdır. Bitki fiziologiyasında baş verən xəstəlik və zərərvericilərin zərərini azaltmağa və hətta aradan qaldırmağa yönəlmiş tədqiqatlar çox vacibdir. Dünyada və respublikada mövcud su ehtiyyatlarının sürətlə azalması ilə kənd təsərrüfatı fəaliyyətində mümkün olan ən az suvarma ilə, su stresindən bitkiyə zərər vermədən xüsusilə məhsuldarlıq və keyfiyyət nəzərə alınmaqla, həyata keçirilə bilən modellər üzərində araşdırmalar aparılmalıdır. Bu səbəbdən bitkinin quraqlığa davamlılıq fiziologiyasını çox yaxşı başa düşmək vacibdir. Qlobal və yerli bazarlarda istifadə olunan sortların dəyişdirilməsi tədarükə mənfi təsir etdiyindən quraqlıq problemi ilə sortların dəyişdirilməsi ilə mübarizə aparmaq son dərəcə risklidir. Buna görə də, mövcud sortların quraqlığa davamlılığını artırmaq üçün yeni vegetativ calaqaltılardan istifadə etmək olar.