Image

Nazir Məcnun Məmmədov Yevlax və Goranboyda innovativ texnologiyaların tətbiq olunduğu pambıq sahələrinə baxış keçirib, fermerlərlə görüşüb

28 Oktyabr 2024

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib, məhsul yığımının gedişi ilə tanış olub.

Nazir ilk öncə Yevlax rayonunun Aran qəsəbəsində fermer Amid Bədəlovun pambıq sahəsi ilə tanış olub, pambıq yığımı prosesində iştirak edib.

6,7 hektar sahədə yerləşən pambıq sahəsində yığım ərəfəsi son aqrotexniki tədbirlər həyata keçirilib, sahə defolyasiya olunub. Aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması nəticəsində sahədə bol məhsul yetişib. Nazir Məcnun Məmmədov fermerlərə pambıqçılığın inkişafına dair dövlət dəstəyi, əkinə hazırlıq prosesi, suvarmanın düzgün təşkili üçün torpaq sahələrinin lazer mala ilə hamarlanması, pambıq əkinlərində müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti, su və torpaq resurslarının düzgün istifadə olunmasının məhsuldarlığa müsbət təsiri barədə fermer və iştirakçılarla fikir mübadiləsi aparıb.

Daha sonra nazir MKT İK MMC-nin Yevlax İnnovasiya Təsərrüfatının fəaliyyəti ilə tanış olub. Nazirə şirkətin respublikanın müxtəlif rayonlarında pambıq əkinlərinin həyata keçirdiyi, bu sahələrdə müasir becərmə və suvarma texnologiyalarının tətbiqi istiqamətində addımlar atıldığı barədə məlumat verilib. Qeyd olunub ki, baxış keçirilən təsərrüfatda 360 hektar sahədə pivot suvarma sistemləri altında pambıq becərilir. Pambığın becərilməsində müsair suvarma sistemlərindən istifadə suvarma suyuna qənaət etməklə yanaşı, yüksək məhsuldarlığı da təmin etmiş olur. Ötən ildən başlayaraq MKT İK MMC ilə müqavilə əsasında əməkdaşlıq edən fermerlərin təsərrüfatlarında becərmədən öncə sahələrdə lazer hamarlanması işləri həyata keçirilib. Hamarlanmış sahələrdə səth suvarma işləri xeyli asanlaşıb, suvarmaya sərf olunan vaxt əvvəlki illərlə müqayisədə 7 dəfə azalıb. Bu isə həm əmək resurslarına, həm də suvarma suyuna qənaət etməyə imkan verib. Bu təcrübənin daha geniş sahələrdə tətbiqi istiqamətində işlər davam etdirilir.

Yevlax İnnovasiya Təsərrüfatında pivot altında eyni zamanda 16 pambıq sortunun müqayisəli əkinləri aparılıb. Gələcəkdə müqayisəli təhlil əsasında daha yaxşı sortların seçilərək geniş sahələrdə yayılması istiqamətində araşdırmalar aparılır.

Daha sonra təsərrüfatda “GP Cotton Holdings” şirkətinin fəaliyyətinə dair təqdimat keçirilib. Qeyd edildi ki, holdinqin tərkibinə daxil olan “Giltex” MMC “Amorfi BSCİ” sertifikatı əldə edib və bu sertifikat bir sıra dünya brendləri tərəfindən qəbul edilir. "GiLTEX "MMC Azərbaycanda pambıq və tekstil istehsalı ilə məşğul olan “GP Cotton Holdings” şirkətinin bir hissəsidir. Bu şirkətə daxil olan iplik, toxuculuq, boya, geyim və tibbi maska istehsal edən fabriklərində əsasən "MKT İstehsalat Kommersiya" MMC-in istehsal etdiyi yerli pambıqdan istifadə olunur.

Səfər çərçivəsində nazir Məcnun Məmmədov “Azərşəkər” MMC-nin Yevlax rayonunda yerləşən müasir əkinçilik təsərrüfatına baxış keçirib. Nazirə pivot suvarma sistemi üzərində qurulmuş mobil damlama sistemi ilə bağlı təqdimat keçirilib. Bu sistemin tətbiqi nəticəsində suvarma suyuna 50% suya qənaət olunduğu qeyd edilib. Eyni zamanda məhsuldarlıqda artım da müşahidə olunmaqla yanaşı, məhsulun keyfiyyət göstəricilərində də yaxşılaşmaya nail olunub. Bu mövsüm təsərrüfatda arpa biçinindən sonra test məqsədilə təkrar pambıq əkinləri aparılıb və hal-hazırda sahələrdə inkişaf normaldır.

“Azərşəkər” MMC-nin əkin sahələrində heç bir torpaq əməliyyatı aparılmadan birbaşa strip till texnologiyası ilə payızlıq buğdanın səpini həyata keçirilib. Eyni zamanda bir neçə əməliyyatı həyata keçirən texnikadan istifadə səpin prosesini daha qısa müddətə və keyfiyyətli aparmağa imkan verir, əmək resursları, yanacaq və gübrədən qənaətlə istifadə imkanı yaradır, atmosferə atılan karbon emissiyasının azaldılmasını təmin edir.

Nazir becərmə prosesində müasir innovativ üsullarının tətbiqi təcrübəsinin daha geniş sahələrdə yayılmasının vacibliyini qeyd edib, su və torpaq resurslarından səmərəli istifadənin önəmini vurğulayıb.