Image

COP29 çərçivəsində “Aqro-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda panel müzakirə keçirilib

19 Noyabr 2024

COP29 çərçivəsində “Aqro-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda panel müzakirə keçirilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması, təsərrüfatlarının məhsuldar və davamlı olması üçün hərtərəfli dəstəyə ehtiyacı var. Fermerlərin yeni texnologiyaların və iqlim baxımından ağıllı təcrübələrin tətbiqi istiqamətində dəstəklənməsi qlobal ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fermerlərin daha dayanıqlı və səmərəli əkinçilik təcrübələrinə keçidinə kömək etmək məqsədilə müxtəlif dəstək mexanizmləri mövcuddur. Bu maliyyə mexanizmləri ilə yanaşı, təsərrüfatları təbii fələkətlərlə bağlı risklərdən qorumaq üçün Aqrar Sığorta Fondu fəaliyyət göstərir. Elçin Zeynalov qeyd edib ki, Azərbaycan davamlı kənd təsərrüfatının dəstəklənməsində səylərin gücləndirilməsi üçün qlobal platformalardan tam istifadədə maraqlıdır. Onun sözlərinə görə, iqlimə davamlı kənd təsərrüfatına sərmayə qoyulması təbii ehtiyatların qorunması və davamlı gələcəyin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Panel müzakirələrdə çıxış edən FAO-nun İqlim Dəyişikliyi, Ətraf Mühit və Biomüxtəliflik İdarəsinin Baş təbii sərvətlər mütəxəssisi Martial Bernoux, Dünya Bankının Kənd Təsərrüfatı üzrə Qlobal Direktoru Shobha Shetty, Dünya Bankının İqlim-Ağıllı Kənd Təsərrüfatı üzrə Qlobal Rəhbəri Bill Sutton iqlim dayanıqlığını artırmaq üçün iqlim dəyişikliyi planlaşdırması, həyata keçirilməsi, monitorinq və hesabatların təqdim edilməsi iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması, aqro-ərzaq sistemlərinin iqlim maliyyəsinin vəziyyəti, hədəf və imkanlar, aqro-ərzaq sisteminin transformasiyası emissiyaların həcminin əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirdə bağlanış nitqi ilə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova qeyd edib ki, iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək üçün aqro-ərzaq sistemləri üçün iqlim maliyyələşməsi prosesi genişləndirilməlidir. Onun sözlərinə görə, aqrar sahədə maliyyə axınlarının texnoloji innovasiya və həllərə yönəldilməsi, özəl sərmayə cəlb etmək üçün dövlət-özəl tərəfdaşlığı olduqca vacibdir.

Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sulları cavablandırılıb.