Image

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

05 Dekabr 2024

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağdam rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən, toxumçuluq fəaliyyətinə dair şəhadətnamənin verilməsi, işlə təminat, toxumluq baş soğanın sertifikatlaşmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Agentlik sədri Ağdam rayon Mahrızlı kəndi ərazisində yerləşən Əliyev Nizami Əkbər oğluna məxsus yeni vələmir sahəsinə, eləcə də toxum saxlanma anbarlarına baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri ilə maraqlanıb, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi üçün AXA-nın göstərdiyi xidmətlər barədə məlumat verib.

Sonra Sərdar Hacıyev həmin fermerə məxsus olan iribuynuzlu heyvandarlıq təsərrüfatında olub, heyvanlarda aparılan profilaktik peyvəndlənmə tədbirləri, saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti ilə maraqlanıb.