Image

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

06 Dekabr 2024

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov dekabrın 6-da Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağsu rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən texnika, gübrə və pestisidlərlə təminat, kənd təsərrüfatı texnikasının icarəyə götürülməsi və özəlləşdirilməsi, texnikaların ehtiyat hissələri ilə təminatı və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

İdarə Heyətinin sədri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Mehman Veysəlov Ağsu rayonunun Göydəlləkli kəndində yerləşən intensiv badam bağına baş çəkib, təsərrüfatın fəaliyyəti, aparılan aqrotexniki tədbirlərlə tanış olub. Fermerlərlə görüşdə kənd təsərrüfatı texnikaları və suvarma sistemləri ilə ilə təminata dövlət dəstəyi mexanizmləri, Aqrar Subsidiya Şurasının 2025-ci il üçün açıqladığı subsidiya əmsalları, ölkəmizdə kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.