09 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) direktoru a.e.d., dosent Vüqar Səlimov tərəfindən Qax rayonunda budama ilə bağlı tarla seminarı keçirilib.
Seminarın keçirilməsində əsas məqsəd Qax rayonunda elmi-praktiki tövsiyələrə ehtiyacı olan fermerlərin istehsal prosesini mütamadi izləyərək onların qarşılaşdığı problemlərin həllinə, həmçinin becərmə texnologiyalarının, mühafizə tədbirlərinin düzgün həyata keçirilməsinə köməklik göstərməkdən ibarət olub.
Öncə rayonda üzümlüklərdə aqronomik tədbirlərin elmi əsaslarla həyata keçirilməsində çətinlik çəkən, məhsuldarlıq və məhsulun keyfiyyəti baxımından istənilən nəticə əldə olunmayan fermer təsərrüfatları müəyyən edilib.
Seminarda tarla şəraitində budamanın aparılma qaydaları əyani olaraq femerlərə göstərilib. Qeyd edilib ki, quru budama üzümün sort xüsusiyyəti, tənəyin becərildiyi şərait, torpağın münbitliyi, tənəyin forması, məhsulun istifadə istiqaməti, becərilmə texnologiyası və s. asılı olaraq aparılır. Bu zaman fermerlər bəzi çətinliklərlə qarşılaşırlar. Budama zamanı optimal yük normasının (tənəkdə saxlanılan bar zoğlarının, gözcüklərin miqdarı, bar zoğlarının kəsilmə uzunluğu) müəyyən edilməsi məhsuldarlıq və məhsulun keyfiyyətinə, tənəyin konkret şəraitdə inkişafına, ekoloji risk amillərinə (quraqlığa, yüksək temperatura və s.), xəstəlik və zərərvericilərə davamlılığına müsbət təsir göstərir. Əks təqdirdə budama zamanı tənəyə az və ya çox gözcük yükünün verilməsi ciddi fəsadlara gətirib çıxarır.
Bildirilib ki, budamanın əsas məqsədləri tənəyə uyğun formanın və müvafiq gözcük yükünün verilməsi, bar budaqlarının fəzada düzgün və nizamlı şəkildə yerləşdirilməsi, tənəkdə uzun illər sabit və yüksək məhsulun əldə olunması, tənəyin uzunömürlülüyünün təmin edilməsi, dərmanlama, məhsul yığımı və s. əməliyyatların asanlaşdırılması, tənəkdə əl əməyinin, yaşıl əməliyyatların və s. azaldılmasıdır. Dəmyə və suvarılan ərazilərdəki üzümlüklərdə risklər və ekoloji-coğrafi zonallıq xüsusiyyətləri, o cümlədən diferensial aqrotexnika və son illər iqlim dəyişikliyi ilə əlaqədar meydana çıxan problemlər nəzərə alınaraq tənəklərdə üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə tədbirlərinin vaxtlı-vaxtında və düzgün həyata keçirilməsi, çəkilən xərclərin azaldılması, optimal məhsuldarlıq və məhsulun keyfiyyətinin yüksəldilməsi ilə səmərəliliyin artırılması hədəf olaraq götürülməlidir.