20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universitetinin birgə tərəfdaşlığı ilə “III Aqrar İnnovasiya və Startaplar” Forumu keçirilib. Forum aqrar startapçıların innovativ həll və texnologiyalarının nümayişindən ibarət sərgi bölməsindən və rəsmi hissədən ibarət olub.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Nazir qeyd edib ki, iqtisadiyyatın digər sahələrində olduğu kimi kənd təsərrüfatında da innovasiyaların tətbiqi, mütərəqqi həllər və texnologiyalardan daha geniş istifadənin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Kənd təsərrüfatında innovasiyaların tətbiqi aqrar sahədə torpaq və su resurslarını qorumağa və onlardan səmərəli istifadə etməyə əlverişli imkan yaradır, məhsuldarlığı artırır, ətraf mühitin mühafizəsi işinə mühüm töhfələr verir.
Ölkədə aqrar sahənin inkişafı ilə bağlı aparılmış ardıcıl və sistemli islahatların davamı olaraq Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə startapların xarici bazarlara çıxışını asanlaşdırmaq üçün müxtəlif layihələr icra olunur, aqrar startapçıların iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resursqoruyucu yeni texnologiyalar, nəmlik qoruyucu innovativ yeniliklər və ağıllı həllərinin beynəlxalq və yerli şirkətlərə, sahibkarlara və geniş kütləyə nümayiş etdirilməsinə şərait yaradılır. Aqrar innovasiyaların gənclər arasında təbliği və təşviqi məqsədilə müsabiqə, yarışma və hakatonlar təşkil olunur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə vurğulayıb ki, aqrar startaplar kənd təsərrüfatında rəqabət qabiliyyətini artırmaq üçün böyük potensiala malikdir. Onun sözlərinə görə, startaplar texnologiyaları və kreativ həlləri ilə aqrar sektorun inkişafına töhfə verirlər. Orxan Məmmədov KOBİA-nın aqrobiznesi prioritet sahə kimi diqqətdə saxladığını, bu sahənin nümayəndələri üçün müasir çağırışlara uyğun təlimlərin təşkil olunduğunu, məsləhət xidmətləri göstərildiyini, Agentlik tərəfindən onlara “Startap” şəhadətnaməsinin verildiyini və qrant dəstəyi göstərildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ölkəmizdə aqrar startap ekosisteminin inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Natiqlər bugünkü forumun aqrar startapçılar və inkubasiya, akselerasiya mərkəzləri arasında əlaqələndirici rol oynadığını, startapların əhatə dairəsinin və xarici bazarlara çıxış imkanlarının artırılmasına birbaşa təsirinin olacağını vurğulayıblar.
Çıxışlardan sonra aqrar startaplar haqqında videoçarxlar nümayiş olunub. Forum günün ikinci yarısında panel müzakirələr ilə davam edib. Panellərdə “Aqrar startaplar ekosisteminin inkişafı”, “Aqrar sektorda tətbiq olunan mütərrəqi texnologiyalar”, “Ağıllı əkinçilik və gələcəyin dəqiq kənd təsərrüfatı uğur qazanmış startaplar” mövzularında müzakirələr aparılıb.
Forumun sərgi hissəsində müxtəlif müsabiqə və yarışların qalibləri olan startapçılar tərəfindən plastik tullantıların təkrar emalından hazırlanmış səki daşları, alternativ enerji mənbələrindən alınan bioqaz, hidrogen qazı, ağıllı istixanalar üçün idarəetmə sistemi, lazer sistemi vasitəsilə sahələri alaq otlarından təmizləyən aqrorobot, iqlim stansiyaları, süni intellekt tətbiq olunmuş suvarmanı idarəetmə sensorları, heyvandarlıq təsərrüfatları üçün ağıllı tasma, cərgəarası aqrorobot, zərərvericiləri dedektəedən cihaz, qəza olan fazanı müəyyən edən cihazlar sərgilənib. Həmçinin, yerli şirkət nümayəndələri tərəfindən kənd təsərrüfatı təyinatlı pilotsuz uçuş aparatları, zərərvericilərin populyasiyasını müəyyən edən iqlim stansiyaları şirkətlərin innovativ fəaliyyətləri barədə təqdimatlar keçirilib.