Image

Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib

23 Dekabr 2024

Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəkli aqrar sığorta mexanizmi üzrə fermerlərə zərər ödənişləri davam edir.

Aqrar Sığorta Fondu Qobustan rayonunda müxtəlif təbiət hadisələri nəticəsində fermer təsərrüfatlarına dəymiş zərərlər üzrə sığorta ödənişləri edib.

Fondun nümayəndələri Qobustan rayonunda olub, yerli fermerlərlə görüşüb, onlara aqrar sığortanın üstünlükləri, heyvandarlıq sığortasında güzəştlər, sığorta müraciəti zamanı fermerlərin diqqət yetirməli olduğu məqamlar, xüsusilə əkinin düzgün bəyan edilməsinin əhəmiyyəti barədə məlumat veriblər.

Görüşlərdə zərər çəkən fermerlərə ödənişlər təqdim edilib.

Ödənişlər əsasən məhsul yığımı ərəfəsində Qobustanda müşahidə olunan güclü dolu hadisəsi nəticəsində arpa və buğda əkinlərinə dəyən zərərləri əhatə edib. Hadisə nəticəsində təsərrüfatı zərər görən və məhsul itkisi ilə qarşılaşan fermerlər bildiriblər ki, aqrar sığorta ödənişi hesabına onlar təsərrüfat fəaliyyətlərini davam etdirə biləcəklər.

Bu mövsüm Qobustanda ən böyük ödəniş Buxsar Eyyubova məxsus buğda sahəsinə dəyən zərərə görə edilib. Ekspert rəyləri və müvafiq məlumatlar əsasında fermerin sahəsinə dəyən zərərin həcmi 21 122 manat məbləğində müəyyənləşib.

Dolu fermer Hikmət Məmmədovun buğda sahəsində məhsul itkisinə səbəb olub, dəymiş zərərə görə Aqrar Sığorta Fondu tərəfindən fermerə 8 052 manat sığorta ödənişi edilib.

Fermer Elnur Paşayevə məxsus buğda sahəsinə dəyən zərərin məbləği 7 718 manat, arpa sahəsinə dəymiş zərər isə 6 872 manat hesablanıb, nəticədə fermerə məhsul itkisinə görə ümumilikdə 14 590 manat sığorta ödənişi həyata keçirilib.

Bundan başqa, fermerlər - Kamran Ağayevin arpa sahəsinə dəyən zərərə görə 6 375 manat, xanım fermer Qəmzə Həmzəyevanın arpa sahəsinə dəyən zərərə görə 6 204 manat sığorta ödənişi verilib.

Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ildə Qobustanda baş verən təbiət hadisələri üzrə zərər ödənişləri kəskin artıb. 2023-cü ildə Qobustanda 435 hektarda fırtına hadisəsi qeydə alınmış, fermerlərə 140 620 manat ödəniş edilmişdi.

2024-cü ildə isə fırtına, dolu və sel-subasmadan zərər çəkmiş sığortalı sahələr 1000 hektarı keçib və fermerlərə 256 918 manat sığorta ödənişi verilib. Sığorta ödənişlərinin məbləğinin artması keçən illə müqayisədə həm hadisələrin, həm də sığortadan yararlanan fermer sayının artmasının nəticəsidir. 

Qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin aqrar sektora vurduğu zərərə görə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə ümumilikdə 5 milyon manatdan çox sığorta ödənişi verilib. İlin sonuna qədər ödəniş məbləğinin 6 milyon manatı keçəcəyi gözlənilir.

Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə 48 növ bitkiçilik məhsulunu, eləcə də iri və xırdabuynuzlu heyvanları sığortalamaq mümkündür. Sığorta şərtləri, tariflər barədə məlumatı Fondun www.asf.gov.az rəsmi vebsaytından əldə etmək mümkündür. Fermerlər saytda bitkiçilik və heyvandarlıq kalkulyatorlarında ödəyəcəkləri sığorta haqqını özləri də hesablaya bilərlər.