Image

Azərbaycada embrion köçürmə texnologiyalarının heyvandarlığın inkişafında roluna həsr olunmuş elmi konfrans keçirilib

24 Dekabr 2024

Respublika Süni Mayalanma Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycada genetik tədqiqatlar və embrion köçürmə texnologiyalarının heyvandarlığın inkişafında rolu” mövzusunda elmi konfrans keçirilib. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, nazirlik yanında fəaliyyət göstərən elmi tədqiqat institutlarının, Azərbaycan Dövlət Aqrar Unuiversitetinin, Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitununun, Göygöl rayon icra hakimiyyətinin rəsmi şəxsləri iştirak ediblər.

250-dən artıq iştirakçının qatıldığı elmi konfransda “Embrion köçürmə ilə əldə edilən yüksək genetik xüsusiyyətlərə  malik buğalar” mövzusunda tədqimat baş tutub. Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov bildirib ki, iki il əvvəl ölkədə ilk dəfə olaraq resipient düyələrə embrion köçürülüb. Uğurlu köçürmə əməliyyatı Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzində baş tutub. Xüsusi olaraq bu məqsəd üçün Mərkəzə gətirilmiş 35 baş “Simmental” cinsindən olan düyələrdən 27-si embrion köçürülməsi üçün uyğun sayılıb. Hazırlıq prosesi tam yekunlaşdıqdan sonra yerli və xarici mütəxəssislərin iştirakı ilə düyələrə embrion köçürülməsi həyata keçirilib. Mərkəz direktoru bu istiqamətdə ilk təcrübələrin uğurla başa çatdığını bildirərək, embrion transferindən doğulan buzovların genetik xüsusiyyətləri ilə bağlı araşdırmaların davam etdiyini deyib.

Elmi konfransda embrion texnologiyalarının heyvandarlıq təsərrüfatlarında tətbiqi, bu istiqamətdə əldə olunmuş nəticələr, embrion transferi tətbiqinin miqyasının genişləndirilməsi istiqamətində atılan addımlar, yeni texnologiyaların heyvandarlığın inkişafında və damazlıq cins tərkibinin yaxşılaşmasında rolu barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, heyvandarlıqda embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Embrion transferinin tətbiqi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası xaricdən damazlıq heyvan gətirilməsinə görə daha asan və daha ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanların ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayından on qat çox artırır.

Tədbirin sonunda embrion transferi prosesini həyata keçirən Respublika Süni Mayalanma Mərkəzinin Almaniyada xüsusi kurslarda təlim keçmiş mütəxəssislərinə, ölkəmizdə heyvandarlığın inkişafına töhfəsini vermiş fermerlərə mükafatlar təqdim olunub.