21 Yanvar 2025
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2024-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Mübariz Hacıbəyov, eləcə də Səhiyyə, Kənd təsərrüfatı nazirliklərinin, digər dövlət orqanlarının tabeliyində fəaliyyət göstərən müvafiq elmi müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib. Əvvəlcə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra iclasda AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. Məlum olub ki, hesabat ilində Kənd Təsərrüfatı Nazirliyinin aqrar tədqiqat və təhsil müəssisələri tərəfindən 1242 elmi əsər, o cümlədən 17 kitab (3-ü xaricdə), 4 monoqrafiya, 697 məqalə (182-si xaricdə, onlardan 117-si “Web of Science” və “Scopus” bazalarında), 524 tezis (212-i xaricdə) nəşr olunub, əməkdaşların əsərlərinə 513 istinad edilib.
Qeyd edək ki, iclasdan öncə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, Lənkəran Regional Elmi Mərkəzində, həmçinin ali təhsil və tibb müəssisələrində 2024-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib. Sərgidə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi də iştirak edib. Mərkəzin stendində 2024-cü ildə görülən işlərə dair materiallar, o cümlədən Mərkəzdə hazırlanmış “Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı kitab, “Kənd təsərrüfatının iqtisadiyyatı” jurnalının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində hazırlanmış xüsusi buraxılışı sərgilənib.