28 Yanvar 2025
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda Almaniyanın Geilweilerhoff Üzümçülük İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində yerli üzüm sortlarının beynəlxalq səviyyədə qəbul edilmiş molekulyar-genetik markerlərlə identifikasiyası, genetik analiz edilmiş sortların mənşəyinin qorunub saxlanılması üçün genetik identifikasiyası və pasportlaşdırılması məqsədilə işlər davam etdirilir.
Aparılan tədqiqatlara əsasən Azərbaycanın müxtəlif üzümçülük bölgələrindən ekspedisiyalar nəticəsində aşkar olunaraq toplanmış 120-yə yaxın yerli üzüm sortundan yarpaq nümunələri yığılaraq genetik analiz üçün Almaniyanın Geilweilerhoff Üzümçülük İnstitutuna göndərilib.
Ümümilikdə mövcud statistikaya əsasən İnstitut tərəfindən 300-dən çox yerli üzüm sortu, forma və nümunələri Geilweilerhoff Üzümçülük İnstitutuna göndərilərək markerlərlə genom quruluşu öyrənilib və genetik identifikasiyası həyata keçirilib. Əldə olunan nəticələrə görə, yerli üzüm sort və formalarının genetik profilləri arasında unikal profillər, sinonimlər, omonimlər aşkarlanır və genetik oxşarlıqların araşdırılması zamanı “genetik qohumluqları” müəyyən edilir, Ampeloqrafik kolleksiya bağında yeni identifikasiya olunmuş üzüm sortlarının etiketləri dəqiqləşdirilir.
Növbəti dəfə birgə analiz və tədqiqatlar məqsədilə Azərbaycanın müxtəlif bölgələrindən ekspedisiyalarla toplanmış 100-dən çox avtoxton üzüm sortu Almaniyanın Geilweilerhoff Üzümçülük İnstitutuna göndərilib.