Image

Zərərvericilərin diaqnozu və bioloji bitki mühafizəsi üçün mobil laboratoriyaların yaradılması mövzusunda təlim keçirilib

12 Fevral 2025

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində “Zərərvericilərin diaqnozu və bioloji bitki mühafizəsi üçün mobil laboratoriyaların yaradılması” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi iştirakçılara pestisidlərdən isifadənin azaldılması, səyyar laboratoriyaların yaradılması, bioloji bitki mühafizə vasitələrinin işlənib hazırlanması və kənd təsərrüfatında zərərvericilərə qarşı dayanıqlı mübarizə təcrübələrinin təşviqi üçün zəruri olan bilik, praktiki bacarıqlar və innovativ texnologiyalar barədə məlumatlar verməkdir.

Təlimdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov, Qazaxıstan Respulikasının Bitki Mühafizəsi və Karantin Elmi Tədqiqat İnsitutunun direktoru Baxıtjan Dyusembekov, institun Bitkilərin Vahid Mühafizəsi idarəsinin rəisi Bakhyt Kopjasarov, Bitki Karantin şöbəsinin müdiri Janna İssina, FAO-nun Azərbaycan ofisinin nümayəndəsi Gülər Adıgözəlzadə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnsitutunun, AXA-nın əməkdaşları, yerli özəl sektor nümayəndələri, bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

AXA-nın sədr müavini Cəfər Məhərrəmov bioloji mübarizənin üstünlükləri, bioloji agentlərin istehsalı sahəsində Qazaxıstan Respublikasının təcrübəsindən istifadənin əhəmiyyəti, eləcə də  təlimdə müzakirə olunan mövzuların aktuallığı haqqında iştirakçılara məlumat verib.

Təlimdə Qazaxıstan nümayəndələri tərəfindən zərərvericilərə qarşı dayanıqlı mübarizənin əhəmiyyəti, inteqrir bitki mühafizənin əsas prinsipləri, zərərvericilərin diaqnozu və identifikasiyası üzrə səyyar laboratoriyalar, faydalı bioloji agentlərinin kütləvi istehsalı, invaziv növlər üçün bionəzarət strategiyasının inkişafı, kənd təsərrüfatında dronlar və avtomatlaşdırılmış sistemlər, zərərvericilərin idarə edilməsində süni intellekt və uzaqdan zondlamanın inteqrasiyası, regional əməkdaşlıq üçün şəbəkələrin yaradılması və digər mövzular üzrə təqdimatlar keçirilib.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.