21 Fevral 2020
Fevralın 20-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzində (ATM) Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib.
İmtahanda xarici dil və fəlsəfə fənlərindən qəbul imtahanlarında məqbul qiymət alan 3 iddiaçı iştirak edib. Ali Attestasiya Komissiyasının tövsiyəsi əsasında Mərkəzin alimləri tərəfindən hazırlanmış imtahan biletlərini çəkərək suallara hazırlaşan iddiaçılar İmtahan Komissiyası qarşısında sualları cavablandırıb, həmçinin Komissiya üzvlərinin əlavə suallarına cavab veriblər. Şəffaf və səmimi atmosferdə keçən imtahanda iddiaçıların cavabları Komissiya üzvlərini qane edib, yüksək qiymət alan hər 3 iddiaçı Aqrar Tədqiqatlar Mərkəzinin doktoranturasına qəbul olunmuş hesab edilib.
Cavablar və onların qiymətləndirilməsi protokollaşdırılıb, Komissiya üzvləri tərəfindən imzalanıb.
Həmçinin, Mərkəzdə Elmlər doktoru proqramı üzrə doktorantura təhsili üçün 2 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə dissertantura təhsili üçün 4 nəfər müsahibədə iştirak edib. İddiaçılar Komissiya qarşısında özləri haqda qısa məlumat verib, ixtisas üzrə apardıqları tədqiqat işləri barədə təqdimatla çıxış ediblər. Komissiya tədqiqat işlərinə və sahəyə aid sualları cavablandıran iddiaçıların bilik və hazırlıq səviyyələrini məqbul hesab edib. Bununla da elmlər doktoru adına iddiaçı olan 2 nəfər, fəlsəfə doktoru adına iddiaçı olan 4 nəfər doktorantura və dissertanturaya qəbul olunub.
Komissiya sədri və üzvləri doktorant və dissertantları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, şəffaflığın təmin olunması məqsədilə Mərkəzin direktorunun təşəbbüsü ilə müsahibənin gedişi “Facebook” sosial şəbəkəsində canlı yayımlanıb. İmtahanın gedişi zamanı çəkilən videonu və fotoları təqdim edirik: