Image

ATM Platforması gənc mütəxəssisləri seminara dəvət edir

21 Fevral 2020

Fevralın 28-də Aqrar Tədqiqatlar Mərkəzinin “Aqrar Tədqiqatçıların Müzakirə Platforması”nın (ATM Platforması) növbəti təqdimatı olacaq.

“Aqrar sahədə texniki-iqtisadi əsaslandırmaların və investisiya layihələrinin hazırlanması” adlı seminar Mərkəzin gənc tədqiqatçısı, Analitika departamentinin İnvestisiya layihələrinin təhlili və qiymətləndirilməsi bölməsinin aparıcı mütəxəssisi Aqşin Quliyevin moderatorluğu ilə keçiriləcək.

Təqdimatda kənd təsərrüfatının müxtəlif sahələri üzrə tələb olunan kapital qoyuluşunun və dövriyyə vəsaitinin həcminin müəyyənləşdirilməsi, həmçinin konkret nümunə əsasında investisiya layihəsinin gözlənilən maliyyə nəticələrinin təhlili və hesablanması ilə bağlı məlumat veriləcək.

Universitetlərin, tədqiqat mərkəzlərinin, dövlət qurumlarının və şirkətlərin gənc əməkdaşları ATM Platformasında iştiraka dəvət olunurlar.

Seminar Aqrar Tədqiqatlar Mərkəzinin ofisində (Bakı şəhəri, Nizami küçəsi, 92) 2020-ci il fevralın 28-də saat 16.00-da keçiriləcək.

ATM Platforması ayda bir dəfə olmaqla mütəmadi keçirilir. Platformada hər dəfə bir aktual mövzu üzrə Aqrar Tədqiqatlar Mərkəzinin və ya digər qurumların gənc tədqiqatçıları tərəfindən təqdimatlar edilir.