Image

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Samuxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

21 Fevral 2025

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov fevralın 21-də Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında bu rayondan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. 

Qəbulda vətəndaşların müraciətləri əsasən işə qəbul, gübrə ilə təminat, kəndlərə səyyar satış xidmətinin təşkili, rayonun ucqar kəndlərinə kombaynların ayrılması və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

İdarə Heyətinin sədri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Mehman Veysəlov “FRUİT AQRO” MMC-nin Samux rayonunun Sərkar kəndində yerləşən intensiv şaftalı, gilas və xurma bağlarına baş çəkib, aparılan aqrotexniki tədbirlərlə tanış olub. Fermerlərlə görüşdə meyvəçiliyin inkişafı, kənd təsərrüfatı texnikaları və suvarma sistemlərinə görə dövlət dəstəyi mexanizmləri, Aqrar Subsidiya Şurasının 2025-ci il üçün açıqladığı subsidiya əmsalları, ölkəmizdə kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.