Image

Tərtər rayonunda bitki mühafizə tədbirləri ilə bağlı tədbir keçirilib

03 Mart 2025

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) təşkilatçılığı ilə Tərtər rayonunda “Ölkəmiz üçün prioritet bitkilərin zərərli orqanizmlərdən mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarda BMTBETİ-nin, Tərtər, Goranboy, Yevlax, Ağcabədi və Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM), Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin rəhbərləri, mütəxəssislər və fermerlər iştirak ediblər.

Tərtər DAİM-in direktoru Mehman Babayev açılış nitqi ilə çıxış edərək  bitki xəstəlikləri və zərərvericiləri ilə mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini, Tərtər rayonunda fermerlərin bu istiqamətdə maarifləndirilməsinin vacib olduğunu qeyd edib.

BMTBETİ-nin direktoru İbrahim Cəfərov bildirib ki, dünyada, əhalinin sayının artması nəticəsində ərzaq məhsullarına tələbat yüksəlir. Onun sözlərinə görə, iqlim dəyişikliyi, məhdud su ehtiyatları, təbii fəlakətlər bir sıra ölkələrdə əhalinin ərzaq məhsulları ilə təminatına problemlər yaradır. İnstitut direktoru əlavə edib ki, dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində çətinliklərin müşahidə edildiyi bir vaxtda zərərli orqanizmlərin təsirindən baş verən məhsul itkisinin qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə edilməsində əsas amillərdən biri əkin və bağ sahələrində bitki sağlamlığına nail olmaq, bitkiləri zərərli orqanizmlərin vura biləcəyi zərərlərdən qorumaqdır. Bunun üçün zərərli orqanizmlərə qarşı ayrı-ayrılıqda deyil, kompleks şəkildə mübarizə tədbirləri aparılmalıdır. Direktor qeyd edib ki, bütün bu çətinliklərin həlli istiqamətində alimlər fermerlərin yanında olmalı, kənd təsərrüfatı məhsullarının istehsalçılarının maarifləndirilməsinə hərtərəfli köməklik göstərməlidirlər.

Sonra mütəxəssislər tərəfindən bitki mühafizəsi sahəsində təqdimatlar keçirilib. Təqdimatlarda fermerlərə pambıq bitkisinin becərmə texnologiyası, pambıq, meyvə, günəbaxan bitkilərinin xəstəlik və zərərvericiləri, onlara qarşı aparılan mübarizə tədbirlləri, həmçinin alaq otlarının qarşısının alınması üçün görülməli tədbirlər haqqında ətraflı məlumat verilib. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb, onlara müvafiq tövsiyələr verilib.