06 Mart 2025
Ağalıda torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbulu prosesi davam edir
Kənd Təsərrüfatı Nazirliyi Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı məlumatlandırma sessiyalarına başlayıb. Məlumatlandırma sessiyaları torpaqların əkin məqsədli istifadəyə verilməsinin şərtləri və tələbləri barədə Ağalı sakinlərinin maarifləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbulu prosesinin sürətləndirilməsi məqsədi daşıyır.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın rəhbərlik etdiyi nümayəndə heyəti Ağalıya səfər çərçivəsində əvvəlcə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul şəxsləri arasında görüş keçirilib. Görüşdə Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Ağalı kəndinin sakinləri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan nazir müavini İlhamə Qədimova bildirib ki, Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbulu prosesi martın 1-dən davam edir. Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir. İşğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsinə ilk dəfə Ağalı kəndindən start verildiyini deyən nazir müavini bildirib ki, kənddə məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu martın 31-dək davam edəcək.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açır. Mart ayından Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli kənd sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsinə başlanılması kənd sakinlərinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmalarına və sosial həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərəcək. Cahid Mövlayev əlavə edib ki, digər işğaldan azad olunmuş rayonlarda olduğu kimi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da aparılan bərpa-quruculuq işləri, iqtisadiyyatın yenidən qurulması, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə daim xüsusi önəm verilir.
Görüş çərçivəsində Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli, İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri Aynur Qurbanlı tərəfindən Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər barədə təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə ayrılması üçün müraciət edən Ağalı kənd sakinləri ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 aprel-31 may tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.