Image

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib

07 Mart 2025

Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının məsul şəxsləri, balıqçılıq müəssisələrinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü il dekabrın 19-da “Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalandığını xatırladıb. Nazir müşaviri sözügedən Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində görülən işlər, balıqçılıq sektoru üçün nəzərdə tutulan institusional struktur, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin hədəfləri və üzərinə düşən vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası”nın sədri Zaur Salmanlı ictimai birliyin fəaliyyətinə toxunub. Bildirib ki, əsas məqsəd ölkədə təbii resurslardan səmərəli istifadə olunmaqla balıqçılığın inkişafı, balıqçılıq təsərrüfatında yeni texnologiyaların istifadəsi və ekoloji tarazlığın qorunmasına nail olmaqdır. Assosiasiya sədri balıqçılıq sahəsində xidmətlərin, müasir texnika və avadanlıqlar ilə təminatın təşkili, rəqabətə davamlı və ekoloji təmiz məhsulların istehsalının vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi, balıqçılıqda vergi sistemi və dəstək mexanizmləri, balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviq edilməsi məsələləri müzakirə edilib.

Tədbir iştirakçıları balıqçılıq və akvakulturanın inkişafına dair fikirlərini bölüşüblər. Görüşdə ölkədə bu sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, assosiasiya üzvləri tərəfindən səsləndirilən təkliflər qeydiyyata alınıb, dövlət-özəl əməkdaşlığının daha da inkişaf etdirilməsi, balıqçılıq və akvakultura sahələrində qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində fermer və sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.