10 Mart 2025
Bu gün Aqrar Tədqiqatlar Mərkəzində “Akademik yazı və kənd təsərrüfatına dair elmi jurnallarda məqalə nəşri sahəsində tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda seminar keçirilib.
Onlayn seminara Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının və digər tabeli qurumlarının, eləcə də digər elm və təhsil müəssisələrinin akademik kontingenti, tədqiqatçılar, doktorant və dissertantlar olmaqla 100-ə yaxın iştirakçı qatılıb.
Həmçinin seminar Aqrar Tədqiqatlar Mərkəzinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb. Bu platformada da seminara maraq böyük olub.
Martın 10-dan 14-dək davam edəcək seminarın ilk gününü Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov açaraq iştirakçıları və təlimçiləri salamlayıb. Direktor akademik fəaliyyətlə, elmi tədqiqatla məşğul olan insanlar üçün bu cür tədbirlərin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb, qarşıdakı günlərdə seminara müxtəlif nüfuzlu xarici universitetləri təmsil edən alimlərin, mötəbər beynəlxalq bazalarda indeksasiya olunan jurnalların redaktorlarının qoşulacaqlarını, bu sahədə bilik və təcrübələrini bölüşəcəklərini bildirib.
Daha sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbərinin müavini Bariz Mehdiyev çıxış edib. FAO rəsmisi aqrar tədqiqatların, bu tədqiqatların nəticələrinin nüfuzlu jurnallarda dərcinin vacibliyini vurğulayıb, Aqrar Tədqiqatlar Mərkəzinin təşəbbüsünün təqdirəlayiq olduğunu qeyd edib.
Açılışdan sonra Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, r.e.d. Yusif Qasımov və həmin universitetin Elm şöbəsinin müdiri, r.ü.f.d. Lətifə Ağamalıyeva “İndekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına qoyulan tələblər” mövzusunda təlim aparıb, təcrübələrini bölüşüb, təqdimatla çıxış ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Seminar işini martın 11-də davam etdirəcək.
Qeyd edək ki, seminarın məqsədi iştirakçıların nüfuzlu beynəlxalq jurnallarda elmi yazılarının dərc edilməsi sahəsində bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir. Seminara universitet, elmi-tədqiqat institutları və digər təşkilatlardan iştirakçılar dəvət olunur.
Seminarda həm ölkə daxilindən, həm də xaricdən nüfuzlu beynəlxalq jurnallarda elmi yazıların dərc etdirilməsi sahəsində təcrübələri olan alimlər indekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına qoyulan tələblər, jurnal seçimi və məqalənin təqdimat prosesi və s. ilə bağlı fikirlərini bölüşəcəklər.
Seminar azərbaycan və ingilis dillərində keçiriləcək, tərcümə təmin ediləcək.
Tədbirin gündəliyi barədə ətraflı məlumatı və iştirak üçün istinadları bu linkə keçid etməklə əldə edə bilərsiniz:
https://atm.gov.az/az/news/1779/aqrar-tedqiqatlar-merkezi-akademik-fealiyyetle-mes/