14 Mart 2025
Aqrar Tədqiqatlar Mərkəzində 10-14 mart tarixlərində “Akademik yazı və kənd təsərrüfatına dair elmi jurnallarda məqalə nəşri sahəsində tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda beşgünlük seminar keçirilib.
Onlayn seminara Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının və digər tabeli qurumlarının, eləcə də elm və təhsil müəssisələrinin akademik kontingenti, tədqiqatçılar, doktorant və dissertantlar qatılıb.
Həmçinin seminar Aqrar Tədqiqatlar Mərkəzinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb. Hər iki platformada seminara maraq böyük olub.
Seminarda Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, r.e.d. Yusif Qasımov və həmin universitetin Elm şöbəsinin müdiri, r.ü.f.d. Lətifə Ağamalıyeva “İndekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına qoyulan tələblər”, “Jurnal seçimi və məqalənin təqdimat prosesi” və “Elmi platformalarda müəllif profilləri və elmi sosial şəbəkələrdə istifadə” mövzularında, həmçinin Sidney Universitetinin müəllimi, “Food policy” jurnalının həmredaktoru Dr. David Ubilava “Kənd təsərrüfatı iqtisadiyyatı üzrə akademik nəşr: doğru yanaşma və uğurlu tətbiq etmə”, Zaqreb Universitetinin kənd təsərrüfatı fakültəsinin müəllimləri Dr. Tajana Cop və Dr. Magdalena Zrakic Susac “Tədqiqatçı nöqteyi-nəzərindən elmi jurnallarda nəşrlə bağlı təcrübə” və “Uğurlu nəşr üçün bizə lazım olanlar: cari trendlər, struktur və komponentlər, rəyçilərə cavab”, Corvinus Budapeşt Universitetinin müəllimi, Dayanıqlı İnkişaf İnstitutunun rəhbəri, “Agricultural Economics” jurnalının baş redaktoru Dr. Attila Jambor isə “Bir məqaləni ən yaxşı şəkildə necə dərc etmək olar?” mövzularında təlim aparıb, təcrübələrini bölüşüb, təqdimatla çıxış ediblər.
Seminarın məqsədi iştirakçıların nüfuzlu beynəlxalq jurnallarda elmi yazılarının dərc edilməsi sahəsində bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir.